Görkəmli saz-söz ustadının zəngin yaradıcılığı bu gün də aktuallığını qoruyub saxlayır 
   
   Aşıq Şəmşir - 125 
   
   Elin sözü, elin özü qədər qədimdir. İlkin nümunələri nə qədər bəsit olsa da, təbiidir, canlıdır. Əsrlər bir-birini əvəz etmiş, zaman dəyişmiş, ancaq xalq inciləri əbədiyaşarlığını sübut etmişdir. Xalq poeziyası bir sənət abidəsidir. Bu abidənin bir sütunu da aşıq sənətidir. Aşıq sənəti bütün varlığı ilə elinə-obasına bağlı sənətkarların sözü-söhbəti canlı danışıq dilinin gözəllik və incəliklərini özündə birləşdirir. Qopuzdan saza, yanşaqdan aşığa qədərki tarixi təkmilləşmə prosesində yeni sənət meyarları da meydana çıxmış, elin ciddi imtahanından keçən el sənətkarları “dədə”, “ustad”, “pir” və s. adların, yüksək titulların daşıyıcısına çevrilmişlər. 
   
   Dirili Qurbani, Aşıq Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Dəllək Murad, Çoban Əfqan, Yəhya bəy Dilqəm, Aşıq Pəri, Aşıq Alı, Aşıq Ələsgər, Ağdabanlı Qurban və başqa aşıq-şairlərin ifaçılığı və söz xəzinəsi mədəni-mənəvi zənginliyimizdə mühüm rol oynamışdır. Belə görkəmli sənətkarlardan biri də dağların saz və söz şimşəyi, el nəğməkarı, el ozanı Aşıq Şəmşirdir. Şair Ağdabanlı Qurbanın ailəsində dünyaya gələn Şəmşir saz-söz mədəniyyətimizin zənginləşməsinə, gələcək nəsillərə çatdırılmasına mühüm töhfələr vermişdir. Qədim zamanlardan Azərbaycan xalqı aşıqlara böyük məhəbbət bəsləmiş, onu “eldən yuxarı” olaraq qiymətləndirmişdir. Aşıq Şəmşirin (1893-1980) də qeyri-adi səsi və çalğısı doğulduğu Kəlbəcər elində yüksək dəyərləndirilirdi. 
   1955-ci ildə onun həyatında dərin iz buraxan bir hadisə baş verir. Həmin ilin yayında Aşıq Şəmşirin Kəlbəcərdə Xalq şairi Səməd Vurğunla görüşü tarixi bir hadisəyə çevrilir. O, S.Vurğunu öz şeirləri ilə salamlayır. Beləliklə, onların örnək dostluğu başlanır. Vurğunun təşəbbüsü ilə Aşıq Şəmşir Bakıya dəvət olunur və Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilir. Xalq şairinin təşəbbüsü ilə Şəmşirin şeirlərinin külliyyatı hazırlanır. Saz-söz sənətində göstərdiyi xidmətlərə görə aşıq Əməkdar incəsənət xadimi fəxri adına layiq görülür. Ulu öndər Heydər Əliyev böyük şairlə aşığın bu görüşünü saz və söz sənətində hadisə kimi qiymətləndirmişdir: “Baxın ha, Səmədlə Aşıq Şəmşir bir dağın döşündəki bulağın qoşa gözüdür. Biri şifahi ədəbiyyatdır, biri yazılı ədəbiyyat. Baxın görün, bunlar əl-ələ verib qovuşduğu kimi, qucaqlaşdığı kimi bu su da bir məcrada necə birləşib. Bu bir xalqın mənəviyyatıdır, bir xalqın dünyasıdır”.
   Böyük yaradıcılıq yolu keçən Dədə Şəmşır həm də bir neçə dastanın müəllifi kimi tanınıb. “Cəlal və Minayə”, “Misir və Sənəm”, “Cəlal və Şəkər”, “İrəvanlı Məhəmməd”, “Şəmşir və Sənubər” və “Aşıq Şəmşirlə Səməd Vurğunun görüşü” dastan-rəvayətləri ustad sənətkara geniş şöhrət gətirmişdir. Təəssüf ki, təkcə “Şəmşir və Sənubər”, “Aşıq Şəmşirlə Səməd Vurğunun görüşü” dastanları bu gün əlimizdədir. 
   Geniş yaradıcılıq imkanlarına malik aşığın səhnə əsərləri yazdığı da məlumdur. 1943-1944-cü illərdə qələmə aldığı “Polad” pyesi və ikinci səhnə əsəri olan “Əsli və Kərəm” tamaşaya qoyulmuşdur. 50-ci illərdə isə tanınmış musiqişünas Əminə Eldarova tərəfindən sənətkarın 70-ə yaxın aşıq havası lentə alınmışdır. İndi həmin lent yazıları Azərbaycan Radiosunun fondunda mühafizə olunur. Həmin lent yazıları əsasında Aşıq Şəmşirin anadan olmasının 124 illiyinə həsr edilən “Sevindim” adlı albom işıq üzü görmüşdür.
   
   “Xınalı dağlarda qalır nişanam...”
   
   Aşıq Şəmşir dərs aldığı ustadların həqiqi, öyünəsi varisi idi. Onun qoşmaları, gəraylı və müxəmməsləri, təcnisləri, bağlamaları öz məzmununa, bədii keyfiyyətinə görə son dərəcə müasir və təravətlidir. Aşıq Şəmşir sanki köhnə dünya ilə yeni dünya arasında bir körpü idi. O, klassik aşıq poeziyası ilə müasir şeirimizi qovuşduraraq mükəmməl bədii nümunələr yaratmışdır:
   Bir kəsə qalmadı dünyanın varı,
   Hanı xan, xaqanlar, getdimi, getdi.
   Atanlar, tutanlar, mənəm deyənlər,
   Vuranlar, yıxanlar, getdimi, getdi...
   Sənətkarın şeirlərində Kəlbəcər dağlarının əzəməti, çəmənlərin genişliyi, çayların zümzüməsi, gül-çiçəyin ətri duyulur. Onun yaradıcılığında vətənin müqəddəsliyi ön plandadır. Vətən dağı, qayası, çayı, bulağı ilə ucadır. Şair-aşığın sözdən ucaltdığı bu zirvədən yurdumuzun mənzərəsi çox gözəl və cazibəli görünür. Elə bir guşəmiz, dağımız, dərəmiz yoxdur ki, Aşıq Şəmşir onun gözəlliyinə heyran qalaraq şəninə şeir qoşmasın. Çünki onun sinəsində yurduna məftun vətəndaş ürəyi döyünürdü. Bütün varlığı ilə xalqına, dəlicəsinə sevdiyi Kəlbəcərinə bağlı olan müəllif doğma yurdun xoşbəxt günlərində yazırdı: 
   ...Bağı-gülüstanə dönüb indiki çağın, Kəlbəcər,
   Təzə, gözəl əndazədə var ağ otağın, Kəlbəcər,
   Sayrışır ulduz təhər şəmin, çırağın, Kəlbəcər.   
   Hələ sağlığında sənətkara “Dədə Şəmşir” deyə müraciət edirdilər. Belə bir ifadəni xalq hər kəsin ünvanına deməzdi. Bu, Aşıq Şəmşirin ləyaqətli ömrünün, el arasında qazandığı hörmət və ehtiramın ifadəsi olaraq meydana çıxmışdı. Şairin əsərləri içərisində insanları düzlüyə, sədaqətə, hünərə, cəsarətə, dostluğa, qardaşlığa çağıran humanist ruhlu müdrik ustadnamələri də var. Onun “Məni”, “Yara üz”, “A lələ”, “Bu dərdi” kimi iyirmidən çox təcnisi aşıq şeirinin maraqlı nümunələrindəndir.
   Ustadın ən böyük arzusu Yer üzündə sülhün, dincliyin, halallıq və xeyirxahlığın bərqərar olması idi. Düzlüyü, ədaləti, haqqı tərənnüm edən şair insanları ən ağır məhrumiyyətlərə nəzərən öz ləyaqətlərini qorumağa çağırır: 
   Sadiq ol, dünyada sən dolandır göz,
   Guşinə girməsin fitnə, yalan söz, 
   Düşəndə bir bərkə polad kimi döz, 
   Heç qorxub çəkinmə, dəyanət eylə. 
   Sənətkar bu fikirdə idi ki, harada doğulmasından asılı olmayaraq, Yer kürəsi bütün insanların ana vətəni olmalı və onu hamı sevməlidir. Aşıq yarımçıqlıq, nadanlıq və xəyanəti isə heç zaman bağışlamır, bu mənfi keyfiyyətləri insanlığa yaraşdırmırdı. Belələrinə üz tutan şair “Dad əlindən bəd əməlin, Qayğısını çəkməz elin”, - deyirdi:
   Qırmışam ayaq-başını, 
   Müxtəsər, atdım daşını,
   Dedim, düzəldim işini, 
   Baxıram ki, qanqal olur...
   Həmişə qəlbində gül-çiçək bitirən və bu gözəlliyi öz şeirlərinə gətirən Dədə Şəmşir darıxanda yönünü dağlara tuturdu:
   Dağlara aşiqəm, mən pasibanam, 
   Xınalı dağlarda qalır nişanam.
   Atam Dəlidağdı, İstisu anam,
   Nəvə olub oğlum, qızım dağlara...
   Mənbələrdə qeyd olunur ki, Dədə Şəmşir hətta ahıl yaşlarında belə səhnədə tufan qoparar, sazın simlərindən qasırğa yağardı. Bir bülbül avazı vardı onun nəfəsində. Adama elə gəlirdi ki, o səsin ahəngində Kür Arazla qovuşur. Düz ilqarlı aşıq sanki qocalığın əlindən təngə gələrək onun acığına, ona inad meydanda arzularını dilə gətirərdi:
   Çağırsan cavanlıq yetişməz hova, 
   Yanar cismin inan sönməz alova.
   Çıxmaq üçün Dəlidağa, Murova,
   Söylə görüm, varmı səndə hal, aşıq? 
   Aşıq Şəmşir dünyasını dəyişəndə onu elin qəbiristanlığında deyil, Murovun zirvəsində torpağa əmanət etmişdilər. Bu onun öz istəyi, öz arzusu idi. Çünki bütün ömrü boyu bu dağların məcnunu olmuşdu. Ömrü boyu Kəlbəcərdən kənarda yaşaya bilməyən, o yerlərsiz nəfəs almayan Dədə Şəmşir təsadüfən qismətinə çıxan ayrılıqdan xiffətlənərək öz hislərini belə ifadə etmişdi: 
   Söylə görüm çoxmu buzluq,
   Dağlar həmən yerindəmi?
   Sarı nərgiz, tər bənövşə, 
   Çiçək-çəmən yerindəmi?
   1993-cü ilin aprelində Aşıq Şəmşirin doğma yurdu Kəlbəcər ermənilər tərəfindən işğal olundu. Dağlar qoynunda qərar tutmuş elimiz dağıdıldı. Aşıq Şəmşirin ciyərparələri, qızı, yaxın qohumları qətlə yetirildi. Bununla bərabər, aşığın əski əlifba ilə yazdığı və əksəriyyəti də çap edilməmiş şeirləri yandırıldı. Ağdabandakı evi yandırıldı. Bu, adicə ev yox, minlərlə eksponatı olan əsl muzey idi. 
   İndi düşmən tapdağında qalan Kəlbəcərdən xəbərimiz yoxdur. Düşünəndə insanın qəlbindən buz soyuqluğu keçir. Birdən Dədə Şəmşirin ruhu bizə sual versə, nə deyərik?! Yenə də öz şeirlərindən cavab axtaraq:
   Soruşuram o dağlardan
   Boran səni üşüdürmü?
   Müdam sənə “can” deyirəm,
   Qulaqların eşidirmi?
   Təbii ki, yenə Kəlbəcərdə fəsillər dəyişir, dağ çeşmələri həzin-həzin dillənir, bircə o telli saz çalınmır, Şəmşirin ruhu sevinmir, didərgin ellər geri dönmür. Doğma yurd yağıya qalıb...
   Dövlət başçısının sərəncamı ilə “Seçilmiş cövhərin zərgəriyəm mən” deyən şair-ozanın bu il 125 illik yubileyi müxtəlif tədbirlərlə qeyd olunur. Çünki Şəmşir sözü bu gün də təzəliyini, təravətini qoruyub saxlayır. Uzun illər ötdükcə şairin saz-söz ocağının hərarəti heç azalmır... 
   
   Aynurə Əliyeva