2013-2018-ci illəri əhatə edən ikicildlik işıq üzü görüb
   
   Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Prezident Kitabxanasının və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) birgə layihəsi olan “Prezident İlham Əliyev və mədəniyyət” silsiləsindən 2013-2018-ci illəri əhatə edən növbəti ikicildlik kitab çapdan çıxıb. 
   Kitab dövlətimizin başçısının birinci və ikinci prezidentliyi dövrünü əhatə edən ikicildliklər silsiləsinin davamıdır. Toplunun layihə rəhbəri Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevdir.
   İkicildliyin 1-ci cildinə Prezident İlham Əliyevin son beş ildə milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə bağlılığını, ehtiramını, qayğısını ifadə edən nitqləri, çıxışları, müsahibələri, mədəniyyət və turizm obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirakına dair materiallar daxil edilib.
   Toplunun 2-ci cildinə hər iki sahənin inkişafı ilə bağlı normativ-hüquqi sənədlər, dövlətimizin başçısının mədəniyyət xadimlərinə, ölkəmizin təşəbbüsü ilə təşkil olunan beynəlxalq tədbirlərin iştirakçılarına və Azərbaycan xalqına ünvanladığı təbrik məktubları daxil edilib. İkicildlikdə dövlət başçısının iştirak etdiyi tədbirlərdə çəkilmiş fotoşəkillər də yer alıb.