Azərbaycanın Xalq artisti, tanınmış teatr və kino aktyoru Fuad Poladov 2018-ci il mayın 4-də vəfat etmişdir.
   Fuad Ağarəhim oğlu Poladov 24 may 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. Paytaxtdakı 132 saylı orta məktəbi bitirmişdir. 1967-1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Dram və kino aktyorluğu fakültəsində təhsil almışdır.
   Tələbə ikən ilk dəfə 1969-cu ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” əsərinin tamaşasında (Savalan) səhnəyə çıxmış, həmin ildən teatrın truppasına daxil edilmişdir. 20 il bu teatrın səhnəsində müxtəlif səpkili rollarda çıxış etmişdir.
   1989-cu ildən Azərbaycan Dövlət Rus Dram Teatrında fəaliyyət göstərmiş, 20-dən çox səhnə əsərində rol almışdır. Eyni zamanda Milli Dram Teatrında tamaşalarda (“Hamlet”, “Şah Qacar”, “Sən həmişə mənimləsən” və s.) oynamışdır.
   Kinoya ilk dəfə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkilmişdir. “İşarəni dənizdən gözləyin”, “Güllələnmə təxirə salınır!”, “Ovsunçu”, “Küçələrə su səpmişəm”, “Günaydın, mələyim”, “Dolu” və s. filmlərdə yaddaqalan obrazlar yaratmışdır.
   1987-ci ildə respublikanın Xalq artisti fəxri adına layiq görülmüşdür. 
   
   Allah rəhmət eləsin.
   
   Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
   Azərbaycan Teatr Xadimləri İttifaqı 
   Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
   Azərbaycan Dövlət Rus Dram Teatrı