Mayın 7-də Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə ümummilli liderin 95 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı” mövzusunda konfrans keçirilib.
Beynəlxalq Mətbuat Mərkəzində keçirilən konfransı Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov açaraq Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycanın ictimai-siyasi həyatında əldə olunan nailiyyətlərdən, ölkənin beynəlxalq aləmdə imicinin formalaşması, Azərbaycanın hüquqi dövlətə çevrilməsi yönündə görülən işlərdən bəhs edib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev ulu öndərin media sahəsində siyasətindən söz açıb: “Bu siyasətin əsas məqsədi o idi ki, Azərbaycan mətbuatı müstəqil olmaqla yanaşı, güclü olsun. Heydər Əliyev tərəfindən əsası qoyulmuş media siyasəti bu gün də uğurla davam etdirilir. Azərbaycan mediasının ciddi inkişaf yolu keçdiyini görə bilərik".
Mətbuat Şurası İdarə heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanda Heydər Əliyevin sayəsində söz azadlığı təmin olunub və bu gün jurnalistikamız uğurla inkişaf edir.
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında ulu öndərin mətbuatın inkişafı üçün atdığı addımlardan, bu sahənin maddi təminatı ilə bağlı edilən güzəştlərdən danışıb.
Mətbuat Şurası İdarə heyətinin üzvləri, millət vəkilləri Aqil Abbas, Hikmət Babaoğlu və digər çıxış edənlər Heydər Əliyevin jurnalistlər arasında səmimi bir mühit yaratması, onun Azərbaycanda mətbuat azadlığının bərqərar olmasında rolundan, jurnalist peşəsinə hər zaman qiymət verməsindən bəhs ediblər.