Filmlərimiz “Kinoşok” festivalında
  
 
   Rusiyanın Anapa şəhərində MDB ölkələri, Latviya, Litva və Estoniyanın XXI Açıq Beynəlxalq Kinofestivalı (“Kinoşok”) çərçivəsində "Fokusda Azərbaycan" proqramının açılışı olub. Proqrama son illərdə ölkəmizdə çəkilmiş bir sıra filmlər daxil edilib. Proqramın açılışında rejissor Şamil Əliyevin “Çölçü” filmi təqdim olunub.
   Filmi tamaşaçılara təqdim edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, rejissor Ayaz Salayev ölkəmizdə kinonun inkişafı və həmkarlarının yeni işləri haqqında məlumat verib.
   Festivalın əsas müsabiqəsinin iştirakçısı olan "Çölçü" filminin təqdimatından sonra mətbuat konfransı keçirilib, filmin rejissoru və tədbirdə iştirak edən digər Azərbaycan kinematoqrafçıları media nümayəndələrinin suallarını cavablandırıblar.
   Yaxın günlərdə festivalda Yavər Rzayevin "İlahi məxluq", Samir Kərimoğlunun "Niyyət", Elçin Musaoğlunun "Qırxıncı qapı", Fariz Əhmədovun "Mayak" (qısametrajlı) və Rodion İsmayılovun "Köç" (sənədli) filmləri də nümayiş etdiriləcək.