Azərbaycanın Yunanıstandakı səfirliyinin təşkilatçılığı ilə 15-ci Saloniki kitab sərgisi çərçivəsində görkəmli şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunan tədbir keçirilib.
Tədbirdə Azərbaycanın Yunanıstandakı müvəqqəti işlər vəkili Eldar Əliyev çıxış edərək mütəfəkkir ədibin yaradıcılığının XX əsr Azərbaycan romantizm və faciə ədəbiyyatında xüsusi yer tutduğunu söyləyib. Vurğulanıb ki, XIX əsrin sonları və XX əsrin əvvəllərində yaşayıb-yaratmış əksər Qərb mütəfəkkirləri kimi, Hüseyn Cavid də yaradıcılığında bəşəriyyətin ən böyük faciəsi olan müharibə əleyhinə mövzulara xüsusi diqqət yetirib. Onun eyniadlı dramında yaratdığı İblis obrazı ədəbi dəyər baxımından Bayronun Lucifer, Hötenin Mefistofel və Lermontovun Demon obrazları ilə yanaşı durur.
Tədbirdə Cavidin 30-cu illərdə repressiyaya məruz qalaraq Sibirə sürgün edildiyi və orada vəfat etdiyi diqqətə çatdırılıb. Şairin onun şəxsiyyətinə və yaradıcılığına layiqli qiymətin Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən verildiyi, 1982-ci ildə ədibin sürgündəki məzarının aşkar edilərək Vətənə gətirildiyi, xatirəsinin əbədiləşdirildiyi, əsərlərinin yenidən səhnəyə qoyulduğu qeyd edilib.