Daşkənddəki “Türküstan” sarayında “Altın qalam” milli mükafatının təqdim edilməsi mərasimi keçirilib.
Tədbirdə çıxış edən Özbəkistan Jurnalistlər İttifaqının sədri Sadulla Xakimov deyib ki, müsabiqəyə 523 jurnalist 7100 material təqdim edib. Münsiflər heyətinin üzvləri müxtəlif nominasiyalarda ən yaxşı materialların müəlliflərini mükafata layiq görüb.
Sonra qaliblər təltif edilib. Özbəkistanda akkreditə olunmuş beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklər adından jurnalistlərə diplomlar, hədiyyələr təqdim olunub.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov özbək jurnalistləri ilə əməkdaşlığından danışıb, bu nüfuzlu mükafatı alan jurnalistləri təbrik edib. O, “Dunyo boylab” televiziyasının əməkdaşı Gülsara Saqatovaya “Özbəkistan və Azərbaycan Böyük İpək Yolunda: qədim dövrdən müasir günümüzə qədər”, “Nargiz.uz” portalında yayılmış materiallara görə isə Nərgiz Qasımovaya “Çoxmillətli və tolerant ölkələr - Özbəkistan və Azərbaycan” nominasiyalarında fəxri diplomlar təqdim edib. Hər iki jurnalist bu il ərzində istədikləri vaxt Azərbaycana səfərə dəvət olunub.