Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) 3 may - Türkçülük gününü Azərbaycanın ictimai fikir tarixinin görkəmli nümayəndəsi Əli bəy Hüseynzadənin doğma yurdu olan Salyan rayonunda qeyd edib. 
   Tədbir iştirakçıları öncə Salyan rayonunda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra Əli bəy Hüseynzadənin və istiqlal şairi Xəlil Rza Ulutürkün abidələri, həmçinin rayonda türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub. 
   ATXƏM sədri İlham İsmayılov bildirib ki, belə tədbirlər tarixin gənclərə çatdırılmasına, milli şüurun daha da yüksəldilməsinə xidmət edir.
   Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxışında deyib: “Belə tədbirlərin təşkili ilə biz türkçülük mirasına sahib çıxmış oluruq. Tədbirin Salyanda - Əli bəy Hüseynzadənin doğma yurdunda təşkili isə xüsusi rəmzi məna daşıyır. Bizlər çalışmalıyıq ki, gələcəkdə bu gün digər türkdilli xalqlar və toplumların paradı kimi özünə yer tutsun".
   Dünya Azərbaycanlılarının Milli Birliyinin sədri Cavad Derəxti Türk dünyasının inteqrasiyası istiqamətində atılan addımlar, Azərbaycanın bu proseslərdə rolundan danışıb. Bildirib ki, son illər ərzində Türk dünyasının birlik və bərabərliyi yolunda mühüm tədbirlər keçirilib və bu tədbirlər günü-gündən daha da artmaqdadır. 
   Tədbir konsert proqramı ilə davam edib.