Ölkəmizin Bolqarıstandakı səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə bağlı tədbirlər çərçivəsində Ruen şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filminin nümayişini təşkil edib.
Filmin nümayişindən əvvəl çıxış edən səfir Nərgiz Qurbanova AXC-nin tarixindən danışıb. Bildirib ki, müsəlman azərbaycanlı gənc ilə xristian gürcü qızının məhəbbətindən bəhs edən filmdə eyni zamanda Cümhuriyyətdən öncə və sonra Azərbaycanda cərəyan edən siyasi proseslər təsvir edilir.
Gecədə qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.
Filmin nümayişindən sonra yerli folklor qrupunun ifasında rəqs nümunələri təqdim edilib, Azərbaycan və türk mahnılarından ibarət musiqilər səsləndirilib.