Mayın 12-də Şəki şəhərində “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalına start veriləcək.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr olunub.
Mayın 19-dək davam edəcək festivalda ölkəmizlə yanaşı, İran, Gürcüstan, Meksika, Kolumbiya və Rusiyanın teatr kollektivlərinin iştirakı nəzərdə tutulur.
Festival iki istiqamət üzrə - milli və beynəlxalq mərhələdə keçiriləcək. Milli proqram çərçivəsində Azərbaycanın 20-dək teatr kollektivi mayın 12-dən 18-dək respublikanın müxtəlif bölgələrində tamaşalar nümayiş etdirəcək. Festivalın beynəlxalq proqramı çərçivəsində tamaşalar isə mayın 12-dən 17-dək Şəki şəhərində, bir tamaşa Lənkəranda, iki tamaşa isə mayın 18-19-da Bakıda oynanılacaq.
Mayın 12-də axşam saatlarında Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında festivalın təntənəli açılış mərasimi keçiriləcək. Tədbirdə festivalın təşkilatçı qurumlarının rəsmiləri, tanınmış teatr və incəsənət xadimləri, həmçinin yerli teatrsevərlər iştirak edəcəklər. Rəsmi hissədən sonra tamaşaçılara İranın “Titovak” teatrının U.Şekspirin “Maqbet” faciəsi əsasında hazırladığı “Maqbet-Zar” əsəri təqdim olunacaq.