“Azərbaycan Prodüserlər Gildiyası” İctimai Birliyi növbəti iclasını keçirdi. Gildiyanın sədri Müşfiq Hətəmovdan aldığımız məlumata görə, iclasda kinematoqrafik məhsulun istehsalı prosesində prodüserlərin rolu müzakirə olunub və qərara gəlinib ki, Azərbaycanda prodüser filmlərinin istehsalına başlansın. Bu prosesdə ilkin mərhələlərdən biri də ssenari seçimi olacaq ki, o da prodüserlər tərəfindən həyata keçiriləcək.
M.Hətəmov bildirdi ki, hazırda bütün dünyada prodüser filmləri öz sözünü deməkdədir və biz bu yolu seçmək qərarına gəlmişik: “Oktyabrın əvvəllərindən prodakşnlar tərəfindən ssenarilərin seçilməsi istiqamətində işlər başlanacaq. Əsas maliyyə mənbəyi kimi prodüser mərkəzləri olacaq. Bir prodakşn texniki təchizat, digəri postprodakşn, bir başqası dekorasiya və ya geyim məsələlərini həll edəcək. Bu proses özəl studiyaların öz gücləri hesabına ciddi filmləri istehsal etməsinə şərait yaradacaq”.
Reyhan