Heydər Əliyev Mərkəzində Azərbaycan-Rusiya sərgisi açılıb
   
   Mayın 10-da Heydər Əliyev Mərkəzində “Heydər Əliyev: şəxsiyyət, missiya, irs” Azərbaycan-Rusiya tarixi sənədli sərgisinin açılış mərasimi olub.   
   Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Rusiya Federasiyası Prezidentinin Administrasiyası və Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan sərgidə rəsmilər, Azərbaycanın və Rusiyanın ictimai-siyasi xadimləri, ziyalıları iştirak ediblər.
   Rusiya ilə dostluq münasibətlərinin qurulmasında, iki ölkə arasında strateji tərəfdaşlığın əsaslarının qoyulmasında ulu öndər Heydər Əliyev mühüm rol oynayıb. Buna görə də Heydər Əliyev Mərkəzində əlamətdar yubileyə - Azərbaycan xalqının ümummilli liderinin anadan olmasının 95 illiyinə həsr edilən tarixi-sənədli sərginin açılması təsadüfi deyil.
   Mərasimdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərgi haqqında məlumat verib.
   Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına müraciətini oxuyub. Müraciətdə Azərbaycan xalqının ümummilli liderinin siyasi müdrikliyi və uzaqgörənliyi qeyd edilir, Heydər Əliyevin nəinki həmvətənləri, bütün dünyada böyük nüfuza malik olduğu vurğulanır. 
   Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxuyub.
   Müraciətdə bildirilir ki, Heydər Əliyev təkcə postsovet məkanında deyil, bütün dünyada yüksək nüfuz qazanmış görkəmli dövlət xadimi və siyasi xadimdir. Müasir mərhələdə strateji münasibətlər kimi səciyyələnən Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsində Heydər Əliyevin xüsusi xidməti olub. Müraciətdə bu layihənin təşəbbüsçüsü olan Rusiya tərəfinə, həmçinin hər iki ölkənin tarixçilərinə və arxiv mütəxəssislərinə minnətdarlıq bildirilir, sərginin xalqlarımız arasında dostluğun möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunur.
   Tədbirdə daha sonra Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qriqori Karasin çıxış ediblər. 
   Sonra sərginin açılışı olub. Sərgi altı bölmədən ibarətdir. Hər bir bölmə ulu öndərin həyatının müəyyən mərhələsinə həsr edilib. Sərgidə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 300-dən çox eksponat - fotolar, sənədlər və videomateriallar nümayiş olunur. Ümummilli liderin siyasi müdrikliyi və uzaqgörənliyi, ən mürəkkəb məsələlərin mahiyyətinə varmaq bacarığı, böyük təşkilatçılıq istedadı ona həmvətənləri arasında və xaricdə yüksək nüfuz qazandırıb. Heydər Əliyev Azərbaycanın uğurlu inkişafının mühüm şərtlərindən birini Rusiya ilə dostluq, mehriban qonşuluq əlaqələri yaradılmasında, qarşılıqlı faydalı əməkdaşlığı və ölkələrimiz arasında konstruktiv tərəfdaşlığı möhkəmlətməkdə görürdü. Dövlətlərimiz çoxsaylı nəsillərin topladığı mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq ənənələrini müstəqillik illərində nəinki qoruyub saxlamağa, həm də artırmağa nail olublar. Bu genişmiqyaslı sərgi tarixçilərin, arxiv mütəxəssislərinin və dövlət nümayəndələrinin birgə səylərinin nəticəsidir. Sərgidə həm Heydər Əliyev şəxsiyyətinin çoxşaxəliliyini görmək, eyni zamanda onun irsi ilə təmasda olmaq imkanı verən çoxsaylı arxiv sənədləri və fotoşəkillər təqdim edilir.