Xəbər verdiyimiz kimi, İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyəyə qastrol səfəri edib. Kollektiv ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı tarixinin 100-cü ildönümünün geniş təbliğ edilməsi və anım mərasimlərinin keçirilməsi məqsədilə aprelin 27-dən mayın 10-dək Türkiyənin Trabzon, Sakarya, İstanbul, Ədirnə, Çanaqqala, İzmir və İnegöl şəhərlərində çıxış edib.
Səfər 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında ölkə başçısının müvafiq sərəncamına əsasən Mədəniyyət Nazirliyinin təşkil etdiyi tədbirlər çərçivəsində Türkiyə Cümhuriyyəti Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztəkin dəvəti və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycan-Türkiyə kültür və sənətdə DEV kardeşlik və candaşlıq” layihəsi çərçivəsində gerçəkləşib.
Yaradıcı heyət türkiyəli sənətsevərlər qarşısında şair-dramaturq, Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin “Soyqırımı tarixinin dastanı” tamaşası ilə çıxış edib.
Teatrın kollektivi səfər zamanı getdikləri şəhərlərin tarixi yerləri ilə də yaxından tanış olub, İstanbulun Ədirnəqapı məzarlığında Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın məzarını ziyarət edib.