“Milli mədəni dəyərlərin qorunmasında və təbliğində Heydər Əliyev fenomeni”
   
   Bakı Xoreoqrafiya Akademiyasında (BXA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Milli mədəni dəyərlərin qorunmasında və təbliğində Heydər Əliyev fenomeni” adlı V Respublika elmi-praktiki konfrans keçirilib. 
   Plenar iclası giriş sözü ilə açan rektor, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev ümummilli liderin mədəniyyət və incəsənətimizə xüsusi qayğısından danışıb. Vurğulayıb ki, respublikamız müstəqilliyini bərpa etdikdən sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi.
   T.Əfəndiyev ulu öndərin siyasətinin hazırda ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazandığını söyləyib. 
   Sonra ümummilli lider haqqında videoçarx nümayiş olunub. 
   Daha sonra BXA-nın elm və yaradıcılıq üzrə prorektoru, Əməkdar incəsənət xadimi Sonaxanım İbrahimova “Heydər Əliyev - mədəni-mənəvi intibahın təminatçısı”, BXA-nın Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, professor Vəfa Əliyev “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, Opera və Balet Teatrının bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynova “Azərbaycan balet sənətinin inkişafı Heydər Əliyevin tarixi xidmətlərinin nəticəsidir”, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov “Heydər Əliyevin bədii obrazı Azərbaycan xalça sənətində” mövzularında çıxış ediblər. Həmçinin BXA-nın baş müəllimi, Əməkdar artist Sənan Hüseynlinin “Ümummilli liderin Azərbaycan milli xoreoqrafiya sənətinə böyük qayğısı”, BXA-nın müəllimi, Prezident təqaüdçüsü Pərvin Nəcəfova “Heydər Əliyevin gənclər siyasəti”, BXA-nın Musiqi fənləri kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi Eldar Dadaşovun “Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği Heydər Əliyevin siyasi fəaliyyətinin tərkib hissəsi kimi” adlı məruzələri dinlənilib. Xalq artistləri Təranə Muradova və Nazpəri Dostəliyeva çıxış edərək dahi şəxsiyyətin rəhbərliyi dövründə Azərbaycanın hər bir sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. 
   Mədəniyyət Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, şöbənin əməkdaşları, eləcə də müxtəlif müəssisələrin əməkdaşlarının iştirak etdiyi konfrans öz işini seksiyalarla davam etdirib.