Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ərəfəsində “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Azərbaycan mədəniyyət mərkəzində bayram tədbiri keçirilib.
Mərkəzin direktoru Yeganə Salman Heydər Əliyev şəxsiyyətindən, liderə olan ümumxalq məhəbbətindən, vaxtilə Azərbaycanda yaşamış yəhudilərin bu gün onu necə böyük səmimiyyətlə xatırlamalarından danışıb. İsrail Yazıçılar Birliyinin üzvü M.Salmanın Heydər Əliyevə həsr etdiyi “Liderə” şeiri səsləndirilib.
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının direktoru Lev Spivak Heydər Əliyevin həyat və fəaliyyəti haqqında “Öndər” kitabını təqdim edib. “Vestnik Kavkaza” analitik-informasiya agentliyi tərəfindən buraxılmış kitab fotoşəkillərdən, sənədlərdən və müxtəlif ölkələrin siyasətçilərinin xatirələrindən ibarətdir. Kitabda İsrailin mərhum prezidenti Şimon Peresin xatirələri də verilib.
Lev Spivak rus və ingilis dillərində “Öndər” kitabını Afula şəhərinin vitse-meri, İsrailin vaxtilə Azərbaycanda səfiri olmuş Mixail Barkana və Afula Mərkəzi Şəhər Kitabxanasının direktoru İlana Braslavskayaya təqdim edib.
Sonra beynəlxalq şərhçi və jurnalist Vladimir Suxoyun “Şəxsiyyətin cazibəsi” sənədli filmi nümayiş etdirilib. Filmdə Heydər Əliyevi yaxından tanıyan məşhur siyasətçilərin, yazıçıların, artistlərin onun insani keyfiyyətləri, o cümlədən son dərəcə xeyirxahlığı, diqqətcilliyi, qayğıkeşliyi və güclü yumor hissi ilə bağlı xatirələri yer alıb.