2+1+2= əla! 
   
   Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yaxın-uzaq xarici ölkələrin vokalçıları, dirijorları ilə sənət ünsiyyəti arzulayanların istəyini həmişə yerinə yetirir. Üstəlik, dəvətli solistlərlə bizim vokalçıların eyni səviyyəli çıxışından məmnunluq duyuruq. Bu dəfə üç gün fərqi ilə Bakıda İtaliyadan gələn iki dirijor və iki vokalçının çıxışı əsl bayram ovqatı yaratdı. Opera və Balet Teatrı ilə İtaliyanın ölkəmizdəki səfirliyinin layihəsi olan İtaliya opera günlərində iki operaya baxdıq, vaxt tapıb iki qonağımızla söhbət etdik. 
   
   İki müsahibə... 
   
   İlk müsahibimiz Puççini opera festivalının baş dirijoru, hazırda Makedoniya Dövlət Opera və Balet Teatrının, bir neçə orkestrin dəvətli dirijoru olan Yakopo Sipari di Peskasserolidir. C.Puççininin "Madam Batterflyay" tamaşasının baş məşqindən əvvəl 33 yaşlı maestro ilə söhbət edirik. Bakıdakı İtaliya opera günləri layihəsinin direktoru, bəstəkar, Azərbaycanı çox sevən və dilimizi bilən Françesko Macio, bir də özünü "sadəcə Kristian" kimi təqdim edən peşəkar tərcüməçi qonaqlarımızla ünsiyyətə körpüsalanlıq edirlər. Maestro dərhal təəssüratını paylaşır: 
   
   - İlk dəfədir ki, Bakıdayam. İlk təəssüratıma gəlincə, sizdə istedadlı insanlar çoxdur. Həm də onlar öz biliklərini artırmağa həvəslidirlər. Mən məşqdə operanın musiqi təfsirinə bir sıra redaktələr etdim, orkestr də, solistlər də bu yenilikləri maraqla qarşılayıb anlayış göstərdilər. 
   - Bu gün baş məşqdir. Tamaşadan nə gözləyirsiniz? 
   - Məncə, sabahkı tamaşa ümidimizi doğruldacaq. Həm də bu tamaşa orijinala mümkün qədər yaxın olacaq. Yəni «Madam Batterflyay» demək olar ki, Puççininin yazdığı tərzdə ifa olunacaq. Sizin musiqiçilərin dirijorun nə istədiyini tez anlaması, yeniliklərə açıq olması xoşuma gəlir.
   - Bilirsiniz, Azərbaycanın milli və simfonik musiqisi o qədər zəngin və çoxşaxəlidir ki, bu musiqi ilə böyüyən, onu öyrənən ifaçı üçün hər hansı musiqini qavramaq, çalmaq çətin deyil...
   - Maestro Françesko Macionun sayəsində mən «Koroğlu» operası ilə tanışam. Çox möhtəşəm, bizim üçün qəliz, hətta mən deyərdim ki, avropalılar üçün qeyri-adi səslənişli əsərdir! Məncə, Avropa dirijorları bu musiqiləri dinləməli, fərqli simfonik musiqinin yeni çalarlarını çatdırmağa çalışmalıdır. 
   - Təxminən yüz il əvvəl Bakını landşaftına görə Neapola oxşatmışdılar. Sonralar Azərbaycan musiqisinin qəlblərə təsirini italyan musiqisinə bənzətdilər. Yakobo, artıq neçə gündür ki Bakıdasınız. Siz bu oxşarlığı nədə hiss etdiniz? 
   - Bu oxşarlıqlar çox doğrudur. Məncə, ən böyük oxşarlıq insanların xarakterindədir: azərbaycanlılar da italyanlar kimi emosional, hay-küylü, səmimidirlər. 
   ...Maestro saatına baxıb "4 dəqiqədən sonra məşq başlayır" deyərək müsahibəyə görə minnətdarlıq edərək bizdən ayrılır. Bayaqdan bəri baş məşq üçün ciddi-cəhdlə qrim edən sinyora Silvana Froli ilə söhbətə başlayırıq. Silvana vaxt getməsin deyə qrim edərkən suallara cavab verəcəyi üçün üzr istəyir. 
   
   * * * 
   - Silvana, Bakıya xoş gəldiniz! 
   - Çox sağ olun, Bakıda özümü rahat hiss edirəm, sanki, bu şəhərdə dəfələrlə olmuşam...
   - Nə gözəl!.. Yaradıcılığınız ilə maraqlananda öyrəndim ki, Cakomo Puççininin operaları sizə daha doğmadır.
   - Elədir. Mənim səhnədə ilk partiyam «Bohema» operasında Mimi olub. Bilirsiniz, opera aləmində «Bohema» gənclik operası sayılır: həm iştirakçıların yaşına görə, həm də bu partiyaları daha gənc vokalçıların öz səslərini yormadan, incitmədən oxuya bilməsi baxımından. Yaşım, təcrübəm artdıqca Puççininin digər operalarında çıxış etməyə başladım... «Toska», «Madam Batterflyay», «Manon Lesko»... Məncə, emosional cəhətdən madam Batterflyay daha çətindir: o həm qadındır, həm də ana. Razılaşaq ki, opera səhnəsində əsas partiyalar arasında ana obrazına az rast gəlinir... 
   - Bildiyim qədər siz çox aktiv çalışırsınız. Dünyanın çox ölkəsində müntəzəm çıxış edirsiniz. Sizin üçün ayrı-ayrı kollektivlərlə tamaşa oynamaq daha maraqlıdır, yoxsa konsert proqramlarında çıxış etmək? 
   - Sənətimi çox sevirəm. İstər opera, istərsə də konsert səhnəsi mənə çox yaxındır. Amma özümü tamaşada daha yaxşı hiss edirəm. Düzdür, konsertlərdə də operalardan ariyalar oxuyanda həmin qəhrəmanın ovqatını çatdırır, onu bir daha yaşayırsan, bununla belə, konsert tamaşa deyil, ariyanı obraz olaraq yaşamırsan... 
   - Əvvəllər belə düşünürdülər ki, opera səhnəsində ilk növbədə oxumaq lazımdır. Vokal partiyasının bir dramatik obraz kimi açılması ikinci dərəcəli işdir. Elə indi də əksər vokalçılar belə fikirləşir. Buna sizin münasibətiniz necədir? Təzə partiyanı hazırlamağa nədən başlayırsınız?
   - Mənim üçün partiya üzərində iş onu məhz aktyorluq baxımından mənimsəməklə başlayır. Mən librettonu tam öyrənməsəm, vokal partiyasını dərk edə bilmirəm. Üstəlik, ayrı-ayrı dirijorlarla tamaşa üzərində çalışdıqca öz partiyana daha nələrisə əlavə edirsən, beləcə, sənin ifan kamilləşir. 
   - Müxtəlif teatrlarda dəvətli solistsiniz... Tez-tez fərqli quruluşlarda çıxış etmək çaşqınlıq yaratmır ki?.. 
   - Əgər tamaşanın quruluşunda klassik meyarlardan uzaqlaşmayıblarsa, hər şey normaldır. Dirijorun da, rejissorun da yozumunu dərk etmək, ona uyğunlaşmaq mümkündür. Sadəcə, klassikanı "müasirləşdirmək" üçün hoqqabazlıq tələb olunanda qəbul etmirəm. Bir dəfə mənə dedilər ki, Toskanı qısa ətəkli paltarla oxumalısan. Mən etiraz etdim və tamaşanı oxumaqdan boyun qaçırdım. 
   
   Bu yerdəcə Silvana Froliyə də tamaşada uğurlar arzulayıb ayrılmalı oluruq. Çünki artıq məşqdə Çio-Çio Sanın səhnəsi başlayır. Teatrın isə öz qanunu var: məşqə, səhnə çıxışına gecikmək olmaz! 
   
   Bir sərgi... 
   
   Mayın 3-də Opera və Balet Teatrının foyesində Roma Opera Teatrının (Teatro dell’Opera di Roma) arxivindən Coakkino Rossininin məşhur operalarına aid eksponatlar - səhnə geyimləri, rəssam eskizləri və şəkillərin yer aldığı sərgi açıldı. 1929-cu ildən 2016-cı ilədək geyim və eskizlər opera vətənində səhnəqrafiyanın, opera estetikasının təxminən yüz il ərzində necə inkişaf etdiyini əyani sübuta yetirirdi. Şübhəsiz ki, sərgidəki ən nadir və maraqlı eksponat - bəstəkarın sağlığında ən məşhur operasının - "Sevilya bərbəri"nin partiturasının 1825-ci ildə çap olunmuş ilk nəşri sayıla bilər. 
    
   Tamaşalardan birincisi - "Madam Batterflyay"
   
   Opera və Balet Teatrının "Madam Batterflyay" tamaşası barəsində (eləcə də "Sevilya bərbəri" haqqında) əvvəllər yazmış olduğumuzdan bu dəfə yalnız seyr təəssüratımızı bölüşəcəyik. 
   Tamaşanın uvertürası çalınanda salondakı hər kəs anladı ki, bu tamaşanın səhnədəkilərdən savayı, daha bir iştirakçısı da var - dirijor Yakopo Sipari di Peskasseroli!.. Dirijor bütün tamaşanı əvvəldən sonadək bütün solistlər və hətta qadın xoru ilə birlikdə oxudu. Bəli, çılğın təbiətli cavan dirijorun əsərin səsləniş yozumuna müəyyən redaktələr etməsi də diqqətdən yayınmadı. Çünki birinci pərdədə Silvana Froli (madam Batterflyay), Fərid Əliyev (Pinkerton), Ukraynadan olan dəvətli bariton, bizim səhnəmizdə özünü çox rahat hiss edən Dmitri Qrişin (konsul Şarples), Sudzuki (Səbinə Vahabzadə) hər ariyaya başlayarkən dirijorun işarəsini gözləyirdilər. Amma diqqətli tamaşaçı nəzərlərindən yayınmayan bu "gözləşmələr" də səhnədəkilərin gözəl ifasına heç bir xələl gətirmədi. 
   Tamaşada elə bir aktyor (məhz aktyor) ansamblı yaranmışdı ki, yalnız dəvətli solistlərin olduğundan xəbərdar olduğumuz üçün hansı solistin öz tərəf-müqabili ilk dəfə səhnə paylaşdığını, yaxud çoxdan eyni operada çıxış etdiyini bilirdik. Birnəfəsə oynanılan tamaşada hətta ilk baxışda vücud ölçülərinə görə zərif yapon qızından çox fərqlənən Silvana Froli öz ifası, obraza münasibəti, ən xırda hərəkətlərində, baxışlarında belə yapon geyşasının jestlərini dəqiqliklə təkrarlaması bizə əsl Çio-Çio Sanı göstərdi. Silvana Froli adı kimi pərvanə ömrü yaşayan aldadılmış sədaqətli qadın taleyini iki saat yarımlıq tamaşaya sığdıra bildi. Fərid Əliyevin budəfəki leytenant Pinkertonu əvvəlki tamaşalarda gördüyümüz yüngülbeyin, yapon qızının məhəbbətini fərqli könül əyləncəsi kimi qəbul edən amerikalı zabitin obrazının daha parlaq təcəssümü idi. Güclü dramatik tenor olan Fərid Əliyevin öz partiyalarını sırf teatr aktyoru kimi incə detallarla necə zənginləşdirdiyini, mimik cizgilərdən lazım gəldikdə həm dramatik, həm də komik aktyor kimi istifadə etməsinə şahid olmaq çox xoşdur.
    
   İkinci tamaşa - "Sevilya bərbəri" 
   
   Tamaşada dirijor Alessandro Kalkanile, bir də titul partiyasının ifaçısı Daniele Kaputo İtaliyanı təmsil edirdilər. C.Rossininin bu ölməz operasının digər ifaçıları isə öz solistlərimiz - İnarə Babayeva (Rozina), Fərid Əliyev (qraf Almaviva), Əkrəm Poladov (Bartolo), Əli Əsgərov (Bazilio), Nina Makarova (Berta), Tural Ağasiyev (Fiorello) idi. Bəs bu tamaşa nə ilə yadda qaldı? Yenə də səhnədəkilərin virtuoz ifası, cavan dirijor Kalkanilenin digər dirijor di Siparidən fərqli olaraq təmkinli, hətta Rossini musiqisinə uyuşmayacaq qədər ciddi idarəsi, Daniele Kaputonun xarizması, Fərid Əliyevin səsinin yorğunluğunu aktyorluq məharəti ilə üstələməsi, İnarə Babayevanın şıltaqlığı, Əli Əsgərovun "La calunnia" ("Böhtanın əvvəli şirindir") ariyasının sonunu - üçüncü notdan götürərək səhnəni tərk edənədək eyni tonallıqda saxlaması ilə! 
   
   İtaliya opera günlərinin təəssüratı barədə bu qədər. 
   
   Gülcahan Mirməmməd