Bakı Media Mərkəzində ərsəyə gələn “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi İspaniya paytaxtında nümayiş olunub. Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş film II Dünya müharibəsində Bakı neftinin rolundan bəhs edir.
Azərbaycanın İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə diplomatlar, yerli rəsmilər, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Səfir Anar Məhərrəmov tədbirdə çıxış edərək II Dünya müharibəsi illərinin Azərbaycan, habelə ümumilikdə bəşəriyyət üçün ağır və dəhşətli dövr olduğunu qeyd edib. Azərbaycanın hazırda da Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində müharibə ilə üzləşdiyini vurğulayan diplomat 1992-ci il mayın 8-də Şuşa şəhərinin Ermənistan hərbi qüvvələri tərəfindən işğalı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Film haqqında danışan A.Məhərrəmov faşizm üzərində tarixi qələbənin qazanılmasında Bakı neftinin əvəzsiz rol oynadığını, müharibə zamanı Sovet İttifaqının sərf etdiyi neftin 80 faizinin Azərbaycanın payına düşdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, Azərbaycan nefti olmadan müharibədə qələbə qazanmaq qeyri-mümkün idi və məhz buna görə Hitlerin əsas hədəflərindən biri Bakı şəhərini ələ keçirmək olub.
İspaniya Konqresinin keçmiş deputatı, hazırda dövlət vəkili olan Xesus Lopes Medel II Dünya müharibəsinin ağır və dəhşətli fəsadlara gətirib çıxardığını vurğulayıb, Azərbaycanın Şuşa şəhərinin, Dağlıq Qarabağ və yeddi ətraf rayonunun Ermənistan tərəfindən işğal edilməsi ilə indiki dövrdə də Azərbaycanın müharibənin acıları ilə üzləşdiyini təəssüflə qeyd edib. Deputat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həll olunacağına ümidvar olduğunu bildirib.
Daha sonra nümayiş olunan “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi tədbir iştirakçılarının, o cümlədən İspaniya kütləvi informasiya vasitələri nümayəndələrinin marağına səbəb olub.