Moskvada beynəlxalq “Artkino” film festivalı keçirilir. Festivalda ölkəmizi Fariz Əhmədovun “Mayak” qısametrajlı bədii filmi təmsil edir. Ekran əsəri sentyabrın 27-də Rusiya paytaxtının “Ulduz” kinoteatrında göstərilib. Sentyabrın 28-29-da isə “İncəsənət dünyası” və “İncəsənət” kinoteatrlarında nümayiş olunacaq.
   “Artkino” festivalı müxtəlif ölkələrin gənc rejissorlarına öz filmlərini kino sənayesinin tanınmış ustadlarından ibarət mötəbər münsiflər heyətinə göstərmək imkanı yaradır. Festival çərçivəsində komediya, sənədli, idman haqqında və uşaq filmləri nümayiş olunur.
   Böyük Britaniya, Fransa, İtaliya, Rusiya, Moldova, Ukrayna, Gürcüstan, Bolqarıstan, Türkiyə, Yunanıstan və Rumıniyadan olan kino mütəxəssislərinin iştirak etdikləri festival noyabrın 18-də yekunlaşacaq.
   “Bu meydan, bu ekran - 2011” kino müsabiqəsinin nəticələrinə əsasən, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ekranlaşdırılmış “Mayak” filminin ssenari müəllifi Esmira Eyyub, operatoru Nizami Abbas, rəssamı İbrahim Eminov, bəstəkarı isə Rauf Əliyevdir. Rollarda Məmməd Səfa, Ər Toğrul Kamalov, Gülzar Qurbanova, Elşən Rüstəmov və başqaları çəkiliblər.
   Ekran əsəri indiyədək Rusiya, Almaniya, Birləşmiş Ərəb Əmirliyi, İtaliya, İran, Gürcüstan, Serbiya və s. ölkələrdə keçirilən festivallarda da ölkəmizi uğurla təmsil edib.