Sakit!.. 
   - Əlibaba, bura gəl.
   - Bəli, Zeynəb...
   - Evdə ərzaq qalmayıb. Nə bişirəcəyimi bilmirəm...
   - Narahat olma, Zeynəb. Bu saat hər şeyi həll edərəm. Yaxşısı budur, qoy bazara gedim. Orada hər şey olacaq. Mən getdim, Zeynəb.
   ...Beləcə, nağıl başlayır. Hansı nağıl? Deyəsən, axı, qəhrəmanların adları oxucuya tanış gəlməlidir. Hələ də yox? Onda sizə bir qədər də kömək edək...
   - Salam, qardaş.
   - Salam...
   - Qardaş, nə olub, niyə bikefsən? 
   - İşlər zəifləyib. Səndən nə əcəb?
   - Bilirsən, qardaş, mən balta üçün gəldim...
   - Hə? Baltanı neynirsən? Mən elə bildim ki, borcunu qaytarmağa gəlmisən. Qardaşlar arasında borc söhbəti ola bilməz. 
   - İstəyirəm baltanı götürüb gedim meşəyə, odun qırıb gətirib bazarda satım...
   - Yəqin ki ilk qazancına da borcunu qaytararsan... 
   - Əlbəttə, qardaş. Mütləq qaytararam! 
   - Bu da balta... 
   - Çox sağ ol.
   - Baltanın pulunu borcunu qaytaranda qaytararsan. 
   - Mütləq, qardaş! Çox sağ ol. 
   - Bu baltanın pulunu səndən üç qat alım, sən də bax. Mənə də Qasım deyərlər! 
   ...Nağıldakı, daha doğrusu, nağıl tamaşasındakı dialoqları bu yerdə saxlayırıq. Hər necə olsa, əsas qəhrəmanların adlarını öz dillərindən öyrəndiniz... Bəli, bəli, söhbət “Əlibaba və qırx quldur” tamaşasının qəhrəmanlarından gedir. Bu tamaşa isə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında hazırlanır. 
   Bütün dünyada məşhur olan, dəfələrlə həm uşaqlar, həm də böyüklər üçün səhnələşdirilmiş, ekranlaşdırılmış nağıl bu dəfə həm kuklaların, həm də aktyorların ifasında balaca tamaşaçılara təqdim ediləcək. Artıq son məşqləri gedən tamaşanın seyrçiləri qəddar və qəddar olduğu qədər ədalətli Şəhriyarı, müdrik və gözəl Şəhrizadı da səhnədə görə biləcəklər... 
   Yaxşısı budur, qədim nağılın yeni səhnə yozumu barədə tamaşanın quruluşçu rejissoru Anar Məmmədovu dinləyək:
   - Məşhur “Min bir gecə” nağıllarından olan “Əlibaba və qırx quldur” nağılına müraciət etmişik. Bu tamaşada da biz çalışmışıq ki, əsas ideyanı - tamahkarlığın insanın başına hansı oyunları gətirdiyini, çox yeməyin insanı az yeməkdən də qoyduğunu nağıl dili ilə anladaq. 
   - Məşqdən belə başa düşdüm ki, bu tamaşada nağıl içində nağıl göstərilir. 
   - Bəli, şah Şəhriyar, Şəhrizad, Vəzir canlı plandadır, Şəhrizadın şaha danışdığı nağılı - “Əlibaba və qırx quldur”u isə kuklalar ilə göstərəcəyik. Mən özüm də ilk dəfədir ki, nağıl içində nağıl prinsipi ilə tamaşa qurduğum üçün nəticəsi özüm üçün də maraqlıdır. 
   - Bəs qırx quldurun obrazını necə həll etmisiniz?..
   - Əslində nağılda belə bir məqam var ki, Əlibabanın meşədə tapdığı “Sim-sim” mağarasına qırx quldurun hamısının daxil olmağa ixtiyarı yoxdur, ora yalnız Həsən və iki quldur keçə bilər. Biz də üç quldurdan başqa qalan quldurların “obraz”ını statik şəkillər, səs effektləri ilə həll etmişik. Yəni tamaşaçı o qədər qulduru səhnədə görməsə də, onların mövcud olduğuna inanacaq. Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir. Musiqi tərtibatında isə Fikrət Əmirovun “Min bir gecə” baletinin musiqisindən və bəstəkarın Şərq mövzusuna yaxın bəzi əsərlərindən istifadə edəcəyik.
   İndi də səhnədə Şəhriyar və Əlibaba kimi gördüyümüz aktyor Rəhim Rəhimovu dinləyək: 
   - Bu tamaşada həm Şəhriyar, həm də Əlibaba rolunda çıxış edirəm. Şah Şəhriyarı canlı aktyor kimi oynayıram, Əlibabanı isə kuklaçı aktyor olaraq... 
   - İndiyədək tamaşaçıların təxəyyülündə formalaşmış Əlibaba obrazı var ki, bu obrazı bizə daha çox bu nağılın motivləri əsasında çəkilmiş filmlərdəki aktyorlar tanıdaraq sevdiriblər. Düzdür, indiki uşaqların həmin filmlərə həvəslə baxdığını, bəyəndiyini demək çətindir.
   - Həqiqətən də, bugünkü uşaqlar tamam fərqli filmlərə baxırlar. Amma mən çox istərdim ki, onlar bizim bu tamaşaya baxsınlar və Əlibabanı tanısınlar. Əlibaba qəhrəman cüssəli oğlan deyil, amma ağıllı, zəhmətkeş, halal qazancla yaşamaq yolunu seçən sadə, tərbiyəli oğlandır, hər kəsə də məhz ağlı ilə qalib gələrək, öz həyatını qurur. Belə bir qəhrəmanı da tanımağa dəyər. 
   ***
   Bizcə də, kukla teatrının səhnəsində görəcəyimiz Əlibabanı tanıyıb sevməyə dəyər. Odur ki, əziz valideynlər, afişaları izləyin. Tezliklə sizi və övladlarınızı “Əlibaba və qırx quldur” ilə görüş gözləyir. 
   
   Gülcahan Mirməmməd