“Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı mayın 12-də dağlar qoynuna sığınmış qədim Şəkidə rəsmi açıldığı saatda festivalın milli proqramı - Xəzər sahilindəki gənclik şəhəri Sumqayıtda start götürdü. Həmin gün Akademik Milli Dram Teatrı Sumqayıt Dövlət Dram Teatrının səhnəsində Xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” əsərini nümayiş etdirdi.
   
   Milli proqramın Sumqayıtda baş tutan açılışında ana teatrımızın tamaşasından əvvəl şəhər teatrının baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov çıxış edərək, “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı barədə və sumqayıtlıların baxacağı tamaşa haqqında məlumat verdi. 
   Xalq artisti Azərpaşa Nemətovun quruluşunda və səhnəqrafiyasında təqdim edilən “Cəhənnəm sakinləri” tamaşasında 1937-ci ildə keçmiş ittifaqın bütün respublikaları kimi Azərbaycanı da bürümüş repressiyadan canını qurtarmaq üçün insanların ən yaxınlarına qarşı məcburən yalan ifadə vermək qorxusundan söz açılır. 
   Bir neçə gün öncə Türkiyənin Konya şəhərində keçirilmiş “Min nəfəs, bir səs” Türkdilli ölkələrin teatr festivalında Azərbaycanı uğurla təmsil etmiş “Cəhənnəm sakinləri” tamaşası Sumqayıtda da alqışlarla qarşılandı. 
   Tamaşadan sonra Xalq artisti, “Cəhənnəm sakinləri”ndə Qonaq obrazını yaratmış Nurəddin Mehdixanlı çıxış edərək hər kəsi teatr festivalı münasibətilə təbrik etdi və qonaqpərvərliyə görə sumqayıtlılara təşəkkürünü bildirdi.
   G.Mirməmməd