Oktyabrın 4-dən 10-dək Bakıda "Park Cinema" kinoteatrı və Avropa İttifaqı nümayəndəliyinin təşkilatçılığı ilə III Avropa Film Festivalı keçiriləcək.
   Müasir Avropa filmlərinin təqdim olunacağı tədbirin proqramına 14 ölkədən (Azərbaycan, Avstriya, Belçika, Çex Respublikası, Fransa, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Rumıniya, İsveç və Birləşmiş Krallıq) 15 filmin nümayişi daxildir.
   Festivalda musiqili komediya (“Səsin sədası", İsveç), emosional dram (“Yenə öp məni", İtaliya), psixoloji triller (“Kevin haqqında danışmalıyıq", İngiltərə), detektiv (“Alsqeymer sindromu", Belçika) və s. janrlarda filmlər təqdim olunacaq. Fəxri qonaqlar sırasında Litva, Polşa və Almaniyadan məşhur kinorejissorlar - Algimantas Puipa, Rafael Levandovski və Eva Blondiau və başqa bir çox kino xadimləri yer alacaqlar.
   Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasındakı mədəni əlaqələrin genişləndirilməsinə xidmət edən festival hər il təşkil olunur. Builki tədbirdə Azərbaycan tamaşaçılarının geniş iştirakını təmin etmək üçün hər film 2 seans ilə nümayiş etdiriləcək və bütün filmlərə giriş pulsuz olacaq.