Şəkidə artıq üçüncü dəfədir keçirilən beynəlxalq teatr festivalının sərhədləri getdikcə genişlənir. 2014-cü ildə reallaşan birinci festivalda iki xarici ölkə teatrı iştirak edirdisə, builki festivalın iştirakçıları arasında hətta Latın Amerikasından kollektiv var. Bu, onu göstərir ki, Şəki festivalına maraq ildən-ilə artır.
Bu fikirləri Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru Azərpaşa Nemətov Şəkidə jurnalistlərə müsahibəsində deyib.
Teatr Xadimləri İttifaqının sədri bildirib ki, festival günlərində sənətsevərləri Şəki ilə yanaşı, Bakı, Sumqayıt, Mingəçevir və digər şəhərlərdə də maraqlı tamaşalar gözləyir.