Mayın 11-də Milli Kitabxanada ümummilli liderin anadan olmasının 95 illiyi münasibətilə “Heydər Əliyev. Biblioqrafiya” kitabının və eyniadlı elektron məlumat bazasının təqdimatı keçirildi.
   
   Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə layihəsi olan nəşrin təqdimatında nazirin birinci müavini Vaqif Əliyev, millət vəkilləri, elm və mədəniyyət xadimləri iştirak edirdilər.
   Milli Kitabxananın direktoru Kərim Tahirov tədbiri açaraq biblioqrafiya haqqında məlumat verdi. Bildirdi ki, kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından oxuculara təqdim etdiyi növbəti nəşr ümummilli lider Heydər Əliyev haqqında bu ilk fundamental biblioqrafiyadır. Biblioqrafiya 1969-2018-ci illərdə Azərbaycan, rus, ingilis, türk və digər xarici dillərdə nəşr olunmuş kitablar, elmi konqres, sessiya, konfrans materiallarında və elmi məcmuələrdə dərc edilmiş elmi-siyasi məqalələr, ulu öndərin çıxışları və onun haqqında yazılmış materialları əhatə edir.
   Biblioqrafik göstəricidə ədəbiyyat iki əsas bölmədə - “Əsərlərinin biblioqrafiyası” və “Haqqında materiallar” bölmələrində toplanıb, hər bölmədə mövzuya uyğun yarımbölmələr verilib. Dünya şöhrətli siyasətçi haqqında olan materiallar “Həyatı və ictimai-siyasi fəaliyyəti”, “Dövlət quruculuğu və xarici siyasət”, “Elm və mədəniyyət, milli mənəvi dəyərlər”, “Heydər Əliyev şəxsiyyəti bədii ədəbiyyatda və incəsənətdə” və s. bölmələrdə öz əksini tapıb. Biblioqrafiyanın layihə rəhbəri mədəniyyət naziri Əbülfəs Qarayev, elmi redaktoru Kərim Tahirovdur.
   Sonra tədbir iştirakçıları ulu öndərin həyat yolundan və siyasi fəaliyyətindən bəhs edən filmə baxdılar.
   Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək bildirdi ki, ümummilli lider Heydər Əliyev dövlətçilik tariximiz üçün olduqca böyük işlər görüb, Azərbaycanın inkişafı, ölkəmizin beynəlxalq aləmdə tanınması üçün əzmlə çalışıb. Bu gün Azərbaycanın beynəlxalq miqyaslı layihələrdə iştirak etməsi ulu öndərin uzaqgörən siyasətinin bəhrəsidir. Biz Heydər Əliyevlə eyni dövrdə yaşadığımız üçün olduqca xoşbəxt insanlarıq. O, SSRİ rəhbərliyində təmsil olunduğu vaxtlar da həmişə doğma xalqının yanında olub, 1993-cü ildə də xalqın çağırışı ilə hakimiyyətə qayıdıb. Ulu öndər hakimiyyətdə olduğu illərdə respublikamızda mədəniyyətin, elmin, təhsilin inkişafı yolunda çoxsaylı dövlət proqramları həyata keçirilib, milli mənəvi dəyərlərimizin inkişafı yeni bir mərhələyə qədəm qoyub.
   Vaqif Əliyev belə bir fundamental biblioqrafiyanın hazırlanmasını yüksək dəyərləndirdi və layihədə əməyi olan hər kəsə minnətdarlığını bildirdi.
   Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov çıxışında qeyd etdi ki, ümummilli lider təkcə dövlət qurucusu deyil, həm də millət qurucusu idi. Heydər Əliyev xalqının qayğısına qalan və millətinin təəssübkeşliyini çəkən insan idi. Akademik ümummilli liderin Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində böyük işlər görməsindən də danışdı.
   Tədbirdə daha sonra Milli Məclisin deputatları Tahir Rzayev, Hikmət Məmmədov, Aydın Mirzəzadə, Bakı Dövlət Universitetinin professoru Xəlil İsmayılov və publisist-politoloq Reyhan Mirzəzadə çıxış edərək ulu öndərin dövlətçilik fəaliyyətindən, onun rəhbərliyi ilə bütün sahələrdə qazanılan uğurlardan söz açdılar.
   Bildirildi ki, ümummilli lider Heydər Əliyev müdrikliyi ilə ümumxalq məhəbbəti qazanıb. Ölkəmizin taleyində ciddi dəyişikliklərə nail olub. Dahi rəhbərin həyat və fəaliyyəti, dövlətimiz qarşısında misilsiz xidmətləri hər birimiz üçün örnəkdir. Çıxışlarda ulu öndərə həsr edilən biblioqrafik nəşrin əhəmiyyətindən söz açıldı, onun ərsəyə gəlməsində iştirak edənlərə təşəkkür ifadə olundu.
Savalan Fərəcov