Gənclər Təşkilatları Milli Şurasının Gənclər evində “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş gənclərin yaradıcılıq görüşü keçirilib.
   
   “Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə çıxış edərək tədbirin belə mötəbər yubileylərə təsadüf etməsinin əhəmiyyətini vurğulayıb. O, tədbirdə iştirak edən gənclərin Azərbaycanı beynəlxalq müsabiqələrdə yüksək səviyyədə təmsil etdiklərini vurğulayıb. Bildirib ki, onların bir çoxu yaradıcılıq sahəsində debütlərini mərkəzin həyata keçirdiyi müsabiqələrdə ediblər və sonralar müxtəlif layihə və tədbirlərdə ölkəmizi təmsil edərək layiqli yerlər tutublar. 
   Sonra "Kainat" Gənclik Mərkəzinin əməkdaşı Nərgiz Məmmədzadə Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarifə, təhsilə və gənclərə yönəlmiş siyasətin həyata keçirilməsindən söz açıb.
   Tədbirdə yerli və beynəlxalq müsabiqələrin qalibləri və nominantları olmuş gənclər öz yaradıcılıq qabiliyyətlərini bir daha nümayiş etdiriblər.
   Sonda iştirakçılara fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.