Mədəniyyət naziri Parisdə UNESCO-nun baş direktoru ilə görüşüb
   Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev mayın 14-də Parisdə UNESCO-nun baş direktoru Odri Azuley ilə görüşüb.
   
   Nazir əvvəlcə O.Azuleyi UNESCO-nun baş direktoru seçilməsi münasibətilə təbrik edərək, ona bu vəzifədə uğurlar arzulayıb.
   Ə.Qarayev ölkəmiz ilə qurum arasındakı yüksək səviyyəli münasibətlərin inkişafından söz açıb.
   Söhbət zamanı Azərbaycan-UNESCO münasibətlərinin inkişafında və möhkəmlənməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın töhfələri diqqətə çatdırılıb.
   Görüşdə mədəniyyət sahəsində prioritet məsələlər, xüsusilə də Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına töhfələri, “Bakı Prosesi” barədə müzakirələr aparılıb. Bildirilib ki, 10 illiyi qeyd olunan “Bakı Prosesi” mədəniyyətlərarası dialoqun təşviqi sahəsində böyük beynəlxalq platformaya çevrilib. 
   O.Azuley Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına töhfələrinin UNESCO tərəfindən yüksək qiymətləndirildiyini və dəstəkləndiyini bildirib.
   Qeyd edilib ki, mədəniyyətlərarası dialoqun inkişafı sahəsində UNESCO üçün ən önəmli tədbir hər iki ildən bir Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumudur. Bugünkü mürəkkəb dünyada belə tədbirlərin xüsusi əhəmiyyəti qeyd olunub. 
   Söhbət zamanı qeyri-maddi mədəni irsin qorunması sahəsində ölkəmizin nailiyyətlərindən də söz açılıb, Azərbaycanda bu istiqamətdə görülən işlər, eləcə də ölkəmizin beynəlxalq səviyyədə bu sahəyə verdiyi töhfələr xüsusi vurğulanıb.
   Azərbaycanın Dünya İrs Komitəsinə üzvlüyü, bu sahədə təşəbbüslər və gələcək fəaliyyətlər müzakirə olunub. Ölkəmizin bu sahədə verdiyi töhfələr yüksək qiymətləndirilib.
   Ərazilərimizin 20 faizinin işğalından söz açan Ə.Qarayev bu ərazilərin Azərbaycanın nəzarəti altında olmadığını və həmin torpaqlarda Azərbaycanın maddi-mədəniyyət abidələrinin dağıdıldığını diqqətə çatdırıb. UNESCO-nun bu sahəyə necə müdaxilə edə bilməsi müzakirə olunub.
   O.Azuley münaqişənin sülh yolu ilə həll ediləcəyinə ümidvar olduğunu deyib. Qeyd edib ki, UNESCO öz ekspertizası və təcrübəsi ilə həmin ərazilərdə mədəni irs abidələrinin bərpasına yardım edə bilər.
   Görüşdə Azərbaycanın zəngin tarixi, multikulturalizm dəyərləri, mədəniyyətlərarası dialoq, tolerantlıq ənənələrindən də bəhs edilib. Tarixi “İpək Yolu” üzərində və müxtəlif sivilizasiyaların qovuşuğunda yerləşən ölkəmizdə bu ənənələrin daha da inkişaf etdirilərək, nəsildən-nəslə ötürülməsinin önəmi vurğulanıb. Həmçinin Azərbaycanın caz musiqisi ənənəsinin mədəniyyətlərarası dialoqa töhfə verdiyi diqqətə çatdırılıb. Gələcəkdə qurumun növbəti Beynəlxalq caz gününün Azərbaycanda keçirilməsi müzakirə olunub.