Konsertdə Ədilə Hüseynzadənin romansları səsləndirilib
Xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Londonda konsert proqramı ilə çıxış edib.
Konsertdə F.Hacıyeva Əməkdar incəsənət xadimi Ədilə Hüseynzadənin romanslarını səsləndirib. Onu pianoda Səidə Tağızadə, violençeldə Aleksey Miltıx müşayiət edib.
Proqram boyunca Ədilə Hüseynzadənin tələbələri - bəstəkar Elnarə Dadaşova və Zümrüd Dadaşzadə onun həyat və yaradıcılığından bəhs ediblər. Zümrüd Dadaşzadə bildirib ki, Ədilə Hüseynzadənin əsərlərinin Cümhuriyyətin 100 illiyində Böyük Britaniyada səsləndirilməsi Azərbaycanın musiqi həyatında önəmli hadisədir.
Qeyd edək ki, Ə.Hüseynzadə Azərbaycan Dövlət Konservatoriyasını 1953-cü ildə bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadındır.