“Sərhədsiz teatr" III Şəki Beynəlxalq Teatr Festivalının beynəlxalq proqram üzrə son iki tamaşası Bakıda nümayiş olunacaq. Mayın 18-də festivalın Rusiyadan olan qonaq kollektivi - Şimali Osetiya (Vladiqafqaz) Akademik Milli Dram Teatrı Bakıda, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində V.Korostılevin "Möcüzələr ölkəsində" tamaşasını təqdim edəcək. Mayın 19-da isə Kolumbiyanın Akto Teatrı Azərbaycan Dövlət Rus Dram Teatrında Q.Q.Markesin "Məsum Erendira" tamaşasını oynayacaq.
   Beynəlxalq festivalın Şəki mərhələsi mayın 16-da başa çatıb. Həmin gün Gürcüstanın Muvement Teatrı Şəki səhnəsində U.Şekspirin "Fırtına" əsəri ilə çıxış edib.
   Tamaşanın quruluşçu rejissoru İoseb Bakuradze, bəstəkarı Sandra Nikoladze, xoreoqrafı Laşa Robaqidzedir. Əsərin səhnə tərtibatı Kaha Bakuradzeyə, Sofiya Şariaya və Georgi Ninoşviliyə məxsusdur. Tamaşada əsas rolları Laşa Robaqidze, Anna Talakbadze, Tata Tavdişvili, Uça Mjavia və başqaları oynayıblar.
   Şekspirin məşhur əsərinin gürcü sənətçilər tərəfindən traktovkası maraqla qarşılanıb.
   Tamaşadan sonra kollektivə festivalın təşkilatçı qurumlarının diplomları təqdim olunub.
   “Sərhədsiz teatr" festivalı mayın 19-da başa çatacaq (festivalın tamaşaları barədə əlavə səhifə 8-də).