İyunun 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcovun "Cavad xan" baleti təqdim olunacaq.
   Teatrın mətbuat xidmətindən bildirilib ki, balet Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə hazırlanıb.
   XIX əsrin əvvəlində Gəncə əhalisinin böyük sərkərdə Cavad xanın başçılığı ilə yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizəsi baletin əsas süjet xəttini təşkil edir.
   Yeni səhnə əsərinin quruluşçu baletmeysteri Xalq artisti Kamilla Hüseynova, libretto müəllifi Əjdər Ulduz, musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov, səhnə tərtibatçısı Xalq rəssamı Rafiz İsmayılovdur.
   Əsas rolları Xalq artisti Gülağası Mirzəyev (Cavad xan), əməkdar artistlər Nigar İbrahimova (Cavad xanın həyat yoldaşı), Samir Səmədov (general Sisianov), Makar Ferştandt (I Aleksandr) və aparıcı solist Ayan Eyvazova (gürcü şahzadəsi) ifa edəcək.