Azərbaycan Dövlət Musiqili Teatrının yaradıcı kollektivi irland yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Semuel Bekketin "Qodonun intizarında" əsəri üzərində son məşqlərini tamamlamaq üzrədir.
Teatrın mətbuat xidmətindən bildirilib ki, məşhur əsər bir çox nüfuzlu teatr səhnələrində tamaşaya qoyulsa da, musiqili teatrlarda heç vaxt oynanılmayıb. "Qodonun intizarı" üçün dünyada ilk dəfə simfonik musiqini Əməkdar incəsənət xadimi, professor Fərəc Qarayev yazıb.
"Fərəc Qarayevin “Qodonun intizarında" simfonik əsəri əsasında hazırlanan absurd-tamaşada elə məqamlar var ki, həmin mərhələləri açmaq üçün onu dərk etmək lazımdır. Tamaşada fərdiyyətdən cəmiyyətə çıxmağın yolları göstərilir, insanın varlığı, onun mahiyyəti və mahiyyətinin dərin qatları ön plana çəkilir", - deyə tamaşanın bədii rəhbəri, teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib.
Səhnə əsərinə Mədəniyyət və İncəsənət Universitetinin magistr tələbəsi Yunis Vəlipur quruluş verir. Rolları əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Hüseyn Əlili, on yaşlı aktyor Hüseyn Nağıyev və başqaları ifa edəcək. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Nərminə Əbdürəhmanovadır.