Respublikamızın şəhər və rayonlarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ənənəvi kitab bayramları davam edir.
   Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində də bu silsilədən tədbirlər keçirilir. Abşeron rayon Mərkəzi kitabxanasının qarşısında təşkil edilən kitab bayramı haqqında ötən sayımızda məlumat vermişdik.
   Sumqayıt şəhərində keçirilən kitab bayramında MKS-nin kitabxana filialları, mədəniyyət və təhsil müəssisələri, Yazıçılar Birliyinin Sumqayıt şöbəsi, Əli Kərim adına Poeziya klubu təmsil olunub. Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov nümayiş olunan stendlərlə tanış olub, kitabxanaçılara və oxuculara xoş arzularını çatdırıb. Bayram tədbirində Mədəniyyət evinin "Xəzər ulduzları" rəqs qrupunun, "Narbala" kukla teatrının və müğənnilərin çıxışları da maraqla qarşılanıb.
   Regional idarənin tabeliyindəki Zəngilan rayon MKS də kitab bayramı təşkil edib. Tədbirdə idarənin rayon üzrə baş məsləhətçisi Mehman Nəsirov, "Sehrli dünya" jurnalının baş redaktoru Gülzar İbrahimova, Zəngilan rayonunun şair və yazıçıları, musiqi məktəbinin kollektivi iştirak edib. 
   Qubadlı rayon Mərkəzi kitabxanası tərəfindən təşkil olunan tədbirdə müxtəlif başlıqlı kitab sərgiləri, bədii ədəbiyyat, həmçinin oxucuların əl işləri və rəsm əsərləri nümayiş olunub. Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov kitab bayramında iştirak edib.
   Şuşa rayon Mərkəzi kitabxanası tərəfindən keçirilən tədbirdə MKS-nin direktoru Gülsarə Abbasova, rayon İcra Hakimiyyətinin nümayəndəsi Natiq Mahmudov, regional idarənin Şuşa rayonu üzrə baş məsləhətçisi Zahid Abbasov çıxış ediblər. Kitabxananın fəal oxucuları ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər. Şuşa rayon Mədəniyyət mərkəzinin "Şuşanın dağları" ansamblı konsert proqramı təqdim edib. 
   * * *
   Şirvan şəhər Mərkəzi kitabxanasının qarşısındakı parkda kitab bayramı keçirilib. MKS-nin fondlarında olan kitablardan nümunələr müxtəlif başlıqlı stendlərdə nümayiş etdirilib. Həmçinin, uşaqların əl işlərindən, Şirvan Dövlət Rəsm Qalereyasının əməkdaşları və dərnək üzvlərinin rəsmlərindən ibarət sərgilər təşkil olunub. Şirvan şəhər Uşaq musiqi məktəbinin xor kollektivi mahnılar ifa edib. 21 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub. Mərkəzi kitabxananın əməkdaşları kitabla bağlı suallardan ibarət viktorina təşkil ediblər, qaliblərə kitablar hədiyyə edilib.
   * * *
   Şəmkir rayon MKS Xəqani İbrahimov adına istirahət parkında kitab bayramı təşkil edib. Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Şəmkir Regional Mədəniyyət İdarəsinin, rayonun idarə və təşkilatlardan nümayəndələrin qatıldığı tədbirdə 1500 nüsxədən çox müxtəlif mövzularda kitablar nümayiş olunub. MKS-nin direktoru S.Əmiraslanova kitablar haqqında tədbir iştirakçılarına məlumat verib. Əhməd Cavad adına rayon Mədəniyyət mərkəzinin kollektivi, N.Gəncəvi, C.Rüstəmov adına şəhər orta məktəblərinin şagirdləri ədəbi-bədii kompozisiyalarla çıxış ediblər, şeirlər söylənilib, mahnılar oxunub.