Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan milli teatr tarixinə zəngin səhifələr yazmış Naxçıvan teatrının yaradılmasının 135 illik yubileyi qeyd olunub.
Muxtar respublikanın mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək sənət ocağının keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, Naxçıvan teatrının inkişafında Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, Məhəmmədtağı Sidqi və başqa görkəmli ziyalılarımız əsl fədakarlıq nümunəsi göstəriblər. Ötən müddətdə Naxçıvanda teatr sənəti böyük inkişaf yolu keçib.
Bu gün muxtar respublikada gənc aktyor nəslinin yetişməsinə diqqət verilir. Naxçıvan Dövlət Universitetində aktyorluq sənəti və Naxçıvan Musiqi Kollecində bədii yaradıcılıq işi ixtisasları fəaliyyət göstərir.
Tədbirin sonunda Qurban Səidin “Əli və Nino" romanının motivləri əsasında tanınmış dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin yazdığı eyniadlı pyesin tamaşası göstərilib.
Azərbaycanın Xalq artisti Kamran Quliyevin quruluş verdiyi tamaşada teatrın tanınmış artistləri ilə yanaşı, gənc aktyorlar da rol alıblar. Tamaşanın quruluşçu rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur. Səhnə əsərində Qara Qarayevin, Fikrət Əmirovun, Soltan Hacıbəyovun musiqisi ilə yanaşı, gürcü, tatar melodiyalarından da istifadə edilib.