Tatarıstanın teatr kollektivi Şəkidə "Əlif" tamaşasını təqdim edib
Mayın 12-də başlanan "Sərhədsiz teatr" III Şəki Beynəlxalq Teatr Festivalının beynəlxalq və milli proqram üzrə tamaşalarının nümayişi davam edir. Səhnə əsərləri ev sahibi Şəkidə, eləcə də digər şəhər və rayonlarımızda göstərilir.
Festival çərçivəsində mayın 15-də Rusiya Federasiyası Tatarıstan Respublikasının teatr kollektivi - "Yaradıcı qrup" Kazan Mədəni Təşəbbüslər Fondu "Əlif" tamaşasını teatrsevərlərə təqdim edib. Tamaşanın rejissoru Tufan İmamutdinov, xoreoqrafı Marsel Nuriyev, musiqi tərtibatçısı Nurbek Batulladır.
Tamaşadan əvvəl məlumat verilib ki, 1927-ci ildə tatar xalqının mədəniyyətində parçalanma baş verib. Əsasını ərəb hərfləri təşkil edən tatar əlifbası latınla əvəzlənib. 1939-cu ildə kiril əlifbasına keçən zaman isə 7 hərf əlifbadan çıxarılıb. Bunun nəticəsində tatar dili öz əvvəlki ahəngini itirib. Əvvəlki şairlərin əsərlərinin qafiyəsi, üslubu, forma və ritminin ilkin mənası pozulub.
Üç hissədən ibarət tamaşanın birinci hissəsində rəqs vasitəsilə tatar əlifbası ərəb hərfləri ilə yazılır, hərflər sadalanır. İkinci hissədə üç qız tatar şairi Qabdulla Tukayın "Ana dili" şeirini ifa edir. Birinci qız itirilmiş hərfi tələffüz edir, ikincisi sözü, üçüncüsü isə sətri oxuyur. Üçüncü hissədə qızlar Tukayın şeirini birlikdə ifa edirlər.
Tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb. Sonda kollektivə festivalın təşkilatçıları adından xatirə hədiyyəsi təqdim olunub.
"Yaradıcı qrup"un rejissoru Tufan İmamutdinov jurnalistlərə müsahibəsində festivalda iştiraklarından məmnunluğunu bildirib: "Düşünürəm ki, festivala təqdim olunan tamaşalar standart səhnə əsərlərindən fərqlənməlidir. Xoreoqrafik rəqslər vasitəsilə tamaşaçılarda əlifbamız haqqında müəyyən təəssürat yaratmağa çalışdıq".
Azərbaycana ilk dəfədir səfər etdiklərini bildirən qonaq qədim Şəki şəhəri ilə yaxından tanış olacağını da vurğulayıb. O, Şəkidə növbəti festivalda iştirak etmək arzusunu da dilə gətirib.