Xəbər verdiyimiz kimi, mayın 10-dan 14-dək İtaliyanın Turin şəhərində keçirilən ənənəvi beynəlxalq kitab sərgisində ölkəmiz də təmsil olunub. Sərgidə kitablarımız Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 32 kvadratmetr sahədə qurulmuş xüsusi dizaynlı stenddə nümayiş etdirilib.
Sərgi müddətində həm yerli ziyarətçilər, həm də beynəlxalq iştirakçılar tərəfindən pavilyonumuz böyük maraqla qarşılanıb. Bir çox ziyarətçilər Azərbaycanı yaxşı tanıdıqlarını, hətta ölkəmizdə səfərdə olduqlarını bildiriblər.
Ekspozisiyamıza maraq göstərən hər kəsə vətənimizin qədim tarixi və mədəniyyəti, bu günü, Qarabağ həqiqətləri, ölkəmizin sürətli inkişafı, əmin-amanlığı, tolerantlığı, multikultural dəyərləri haqqında ətraflı məlumat verilib. Həmçinin Azərbaycanda 100 il əvvəl Şərqin ilk demokratik, parlamentli respublikasının qurulduğu diqqətə çatdırılıb.
Tədbir zamanı İtaliyanın, eləcə də müxtəlif ölkələrin nəşriyyatları, kitab sənət sahəsində fəaliyyət göstərən digər aidiyyəti qurumların təmsilçiləri ilə əməkdaşlıq imkanları müzakirə olunub.
Turin sərgisində Azərbaycanın iştirakı İtaliya ilə mədəni əlaqələrin inkişafına, ölkəmizin daha geniş auditoriyada tanıdılmasına daha bir töhfə olub.