Ukraynanın Krivoy Roq şəhərində keçirilən “Ulduzlar altında kino. Dubl 3” adlı kinofestivalda 18 ölkə təmsil olunub. Azərbaycandan rejissor Zaur Qasımlının “İnkoqnito” qısametrajlı filmi “Milli kinematoqrafiyada rejissor tapıntıları” nominasiyası üzrə xüsusi diploma layiq görülüb.
   Film Emil Quliyevin ssenarisi əsasında “Ultra Production” şirkətində çəkilib. Tərbiyəvi-əxlaqi mövzulu 15 dəqiqəlik bu ekran əsəri Bakının adi mənzillərinin birində yaşayan Emiliya (Nigar İbrahimova) adlı qızdan bəhs edir. Hər şey bir qapı zəngindən başlayır. Naməlum ünvanlardan aldığı hədiyyələr, onu əhatə edən sirli hadisələr qəhrəmanın monoton həyatına rəng qatır. Filmdə Nigar İbrahimova, Dilarə Xələfova, Qorqud Cəfərli, Günay Bəşirova, Yelena Prokofyeva, Elvin Şərifov çəkiliblər. Qeyd edək ki, “İnkoqnito” filmi bu il Kann kinofestivalının “Short Film Corner” bölməsində nümayiş olunub.
   
   Reyhan