Mayın 22-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) "Qızıl adam”ın dünya muzeylərinə səyahəti" beynəlxalq sərgi layihəsi çərçivəsində "Böyük çölün mirası: zərgərlik sənətinin şah əsərləri" mövzusunda sərginin açılışı olub. Sərgidə Qazaxıstan zərgərlik sənətinin 100-dən çox nümunəsi, o cümlədən məşhur "Qızıl adam"ın tam geyimi nümayiş etdirilir.
Tədbir MATM ilə Qazaxıstan Respublikası Milli Muzeyi arasındakı razılaşmaya uyğun olaraq reallaşdırılıb.
Mərasimdə MATM-ın direktoru, akademik Nailə Vəlixanlı ölkələrimiz arasındakı elmi əlaqələrin əhəmiyyətindən danışıb, təşkil olunan sərgi ilə bağlı fikirlərini bildirib. Qazaxıstan Respublikası Milli Muzeyi direktorunun müavini Abay Satubaldin təmsil etdiyi qurumun fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.
Sonra tədbir iştirakçıları sərgi il tanış olublar.
Qazaxıstan Respublikasının tarixi rəmzlərindən olan "Qızıl adam" - sak döyüşçüsünün qızıldan hazırlanan geyimi 1969-cu ildə Qazaxıstan arxeoloqu Kamal Akişev tərəfindən aşkarlanıb və bununla bəşəriyyətə qədim türk tayfalarının unikal mədəniyyətinin yeni səhifəsi açılıb. Sərgi barədə daha ətraflı növbəti sayımızda məlumat verəcəyik.