Azərbaycan Respublikası Prezidentinin 18 may 2018-ci tarixli sərəncamına əsasən, Vaqif Qadir oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.
Vaqif Əliyev 1953-cü il iyul ayının 17-də anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsini bitirib. 1975-1982-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis, kiçik elmi işçi, qrup rəhbəri, baş müəllim vəzifələrində işləyib. Fizika-riyaziyyat elmləri namizədidir (1980).
1982-1988-ci illərdə Azərbaycan Dövlət Universiteti Komsomol komitəsinin katibi, 1988-1994-cü illərdə BDU-nun Fizika fakültəsində baş müəllim vəzifəsində çalışıb.
1994-2001-ci illərdə Azərbaycan Respublikası gənclər və idman nazirinin 1-ci müavini, 2001-2003-cü illərdə gənclər, idman və turizm nazirinin 1-ci müavini vəzifəsində çalışıb. 2003-cü ildən 2011-ci ilə kimi Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı işləyib. 18 fevral 2011-ci il tarixdə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Vaqif Əliyev mədəniyyət və turizm nazirinin 1-ci müavini təyin olunub.