Oktyabrın 5-də Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında (Kapelhaus) Almaniyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə gənc rejissor, Köln Beynəlxalq Kino Məktəbinin məzunu Elmar İmanovun “Tabutçunun yelləncəyi” filminin premyerası keçirildi.    

   Tabut düzəldən ata (Yaqub) ilə əqli çatışmazlığı olan yetkin oğul (Musa) arasında münasibətlərdən bəhs edən film dramatik məqamlarla yadda qalır. Ata oğlu ilə daim sərt davranır, onu sevmir. Musa isə dinməzcə yaşayır. Günlərin birində oğlunun qızdırmadan halının pis olduğunu görən ata onu həkimə aparır. Həkim Yaquba bəd xəbər verir: oğlu ağır xəstədir, onda şiş var, ömrünün sonuna az qalıb.
   Ata artıq oğlu üçün qəbrin yerini müəyyən edir. Onun boyunu belə ölçür. Lakin bu günlər ərzində Yaqubda atalıq hissi oyanır. O, oğluna acıyır və çalışır Musa üçün nəsə etsin. Ona yemək hazırlayır, hətta yedizdirir. Yelləncək düzəldir. Oğlunu çimizdirir, üzünü qırxır. Öz rahat yatağını oğluna verir, özü isə yerdə yatır. Film boyu Musanın da ölümə doğru getdiyini hiss etməsi, atada acıma və mərhəmət hislərinin oyanması məqamları qabardılır.
   Xəstəxananın əvvəlki həkiminin düzgün müalicə aparmadığına görə işdən çıxarıldığını öyrənən Yaqub oğlunu yeni həkimin yanına gətirir və məlum olur ki, Musa sadəcə güclü soyuqlamadan əziyyət çəkirmiş.
   Final səhnəsində maşının kuzovunda yanaşı oturan ata və oğulu görürük. Musa qorxa-qorxa başını atasının çiyninə qoyur. Atası isə onun üzünə baxır və heç nə demir. Bu yaxınlığa, ata-oğul sevgisinə bir növ razılıq verir. Filmdə dialoqların az olması, aktyorların real oyunu sadə həyat hadisəsini olduqca inandırıcı nəql edir.
   Nümayişdən sonra yaradıcı heyət səhnəyə dəvət olundu. Tamaşaçılar film haqqında fikirlərini bildirdilər.
   Qeyd edək ki, “Tabutçunun yelləncəyi” filmi 2012-ci ildə “Tələbə Oskarı” mükafatında “Xarici film” nominasiyası üzrə bürünc medala layiq görülüb.
   Filmin ssenari müəllifi və rejissoru Elmar İmanov, prodüseri Eva Blondiau, operatoru Driss Azhari, səs rejissoru Jan Push, dizayneri Ketevan Nozadze, geyim və qrim rəssamı Kerstin Baardır. Filmdə Şamil Süleymanov (Yaqub), Rasim Cəfər (Musa), Qurban İsmayılov, Zülfiyyə Qurbanova və başqaları çəkiliblər.
   Film oktyabrın 6-da “Park Cinema” kinoteatrında keçirilən Avropa Film Festivalı proqramı çərçivəsində də nümayiş olundu. Təqdimatdan sonra yaradıcı heyət tamaşaçıların suallarını cavablandırdı, filmin müzakirəsi aparıldı.
   
   Reyhan İsayeva