Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində 18 may - Beynəlxalq muzeylər günü münasibətilə "Azərbaycanda muzeylərin təşəkkülü - dünəni və bu günü" mövzusunda tədbir keçirilib. Muzeyin direktoru P.Mehdiyeva tədbiri açaraq Beynəlxalq muzeylər gününün tarixi, ölkəmizdə yaradılan ilk muzey haqqında məlumat verib.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev ölkəmizdə mədəniyyətin digər sahələri kimi muzeylərə göstərilən dövlət qayğısından danışıb. İdarə rəisi muzey işçilərini əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
***
Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt şəhər Diyarşünaslıq klubu və S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsinin birgə təşəbbüsü ilə Qobustan Dövlət tarixi-bədii qoruğuna ekskursiya təşkil edilib. Səyahətdə Diyarşünaslıq klubunun dərnək və kurs üzvləri, Mərkəzi kitabxananın Uşaq şöbəsində fəaliyyət göstərən Sabir Sarvan adına Uşaq poeziya klubunun üzvləri iştirak ediblər.
Ziyarətçilər qoruqdakı Mezolit dövrü abidələri, Qobustan muzeyi, Böyükdaş dağının yuxarı səkisində mağaralar və müxtəlif dövrlərə aid petroqliflərlə tanış olublar.
***
Ağstafa rayonundakı Keşikçidağ Dövlət tarix-memarlıq qoruğu Köhnəqışlaq kənd tam orta məktəbində "Əsrlərin yadigarı" adlı tanıtım layihəsi üzrə növbəti tədbir keçirib. Layihə ümumilikdə rayonun 30-dan çox məktəbini əhatə edib.
Qoruq əməkdaşları Beynəlxalq muzeylər günü haqqında məktəblilərə ətraflı məlumat verib, muzeylərin keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçi olduğunu vurğulayıblar. Məktəbdə qurulmuş pavilyonda qoruq ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət nümunələri sərgilənib. Şagirdlərə qoruq haqqında "Qədim yurdun daş kitabəsi" sənədli filminin diski, buklet, flayer və diyircəkli qələmlər hədiyyə edilib.