Seans
   
   Oktyabrın 9-11-də “Nizami” Kino Mərkəzində Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə keçirilən I Bakı Beynəlxalq İdman Filmləri Festivalında müxtəlif ölkələrdən 50-dək ekran əsəri nümayiş olundu.
   
   “Yalnız o adama güzəştə gedərəm ki, o məndən çox ölə bilsin”
   
   Bu fikirlər rusiyalı rejissor Aleksandra Arxipovanın «Saytiyevin olimpiadası» sənədli filmində səslənir. Ekran əsərinin qəhrəmanı məşhur çeçen idmançısı, sərbəst güləş üzrə üçqat Olimpiya, altıqat dünya çempionu Buvaysar Saytiyevdir. Film onun həyəcan dolu idman həyatı, uğurları, yaşam tərzi barədədir. Ənənəvi üslubda çəkilib. Yəni kadrarxası səs qəhrəmanın gündəlik həyatından fraqmentləri müşayiət edir. Qəhrəmanın dostları, məşqçisi, anası, Çeçenistan Prezidenti Ramazan Kadırov onun nailiyyətləri, əzm və iradəsi barədə danışırlar. Film tamaşaçılara idmançı haqda dolğun məlumat verir.
   Oksana Kravtsovanın «Aleksandr Karelin: Birincilik üçün doğulan» filmi də eyni üslubda lentə alınıb. Qəhrəmanın təqdimi üçün orijinal forma tapılmasa da, tamaşaçı yetərincə məlumat alır. Sənədli filmdə sərbəst güləş üzrə üçqat Olimpiya, doqquz dəfə dünya çempionu olan Karelinin ictimai fəaliyyətindən söz açılır. Qeyd edək ki, Karelin Rusiya Dövlət Dumasının deputatıdır.
   
   “Mister Nokaut. Valeri Popençenko müəmması”
   
   Yuri Zaytsevin «Mister Nokaut. Valeri Popençenko müəmması» filmi Olimpiya çempionu, məşhur boksçu Valeri Popençenkoya həsr olunub. Filmdə idmançının həyatının müxtəlif məqamları işıqlandırılır. Onun döyüş texnikası barədə maraqlı faktlar təqdim edən müəlliflər idmançının ölümünün müəmmalı tərəflərinə də aydınlıq gətirməyə çalışırlar. Valeri 37 yaşında, sevimli şairləri Mayakovski və Puşkinin öldüyü yaşda dünyasını dəyişib. Pilləkənlərlə qalxarkən qəflətən yıxılan idmançının ölümündə müəmmalar bununla bitmir...
   «XXI əsrin samurayları» filmi də Rusiyanı təmsil edir. Rejissor A.Selivanovun filmində karate, kunq fu kimi Şərq döyüş idman növlərinin tarixindən, ənənələrindən söhbət açılır. Onların sirri nədir? Sirr sadədir. Bu idman növü insana daxili tarazlığını əldə etməyə, ruhla harmonik bir bütövlük yaratmağa yönəlir. Mənəvi kamillik yolunda bir mərhələ fiziki yetkinlikdən başlayır. Filmdə həmçinin samuray qılınclarının hazırlanması kimi maraqlı bir ənənədən danışılır.
   
   “Yamaykalılar nə üçün belə bərk qaçırlar?”
   
   Bu dinamika və forma etibarilə əvvəlkilərdən, bəlkə də festivaldakı əksər filmlərdən kəskin fərqlənən sənədli film idi. Festivalda İspaniya-Yamaykanı təmsil edən kinolentin rejissoru Migel Qalofredir.
   Film boyu bu suala cavab axtarılır. Ekran əsəri bir neçə bölümə ayrılsa da, bütün bölümlərin adı belədir: “Nə üçün yamaykalılar bərk qaçırlar?» Bu rəqslə bağlı ola bilərmi, əcəba, axı yamaykalıların şux, ritmik, bədən əzalarını hərəkətə gətirən rəqsləri var. Kiçikdən böyüyədək (kadrlarda əlsiz və ayaqsız şikəst bir uşağın da rəqs etdiyini görürük) onlar ritmə laqeyd qala bilmirlər. Bu rəqs bir bədən azadlığı, yəni bədənin öz azadlığına qovuşma aktıdır.
   Bir qoca yamaykalı belə cavab verir: «Biz niyə bərk qaçırıq? Çünki bizim ürəyimiz var. Amerikalıların pulu var, amma bizim ürəyimiz var». Kasıb uşaqları göstərirlər. Onlar rəqs edirlər, xoşbəxt və ümidlidirlər. Ən sadə kəndli də yamaykalı idmançının uğuruna sevinir. Həm də bu, dəlisov, ürəkdən gələn, gözləri işıqlandıran, bədənə sığmayan sevincdir. Hətta kilsədə belə rahiblər uşaq kimi sevinirlər. Qoca bir yamaykalı köhnə maşınının sınıq şüşəsindən kameraya boylanır və deyir: «Yamaykalılar udanda mən xoşbəxtəm. Yamaykalılar uduzanda da mən xoşbəxtəm. Bilirsiniz, niyə? Çünki mən müdrik adamam».
   Kamera onlarla insanı çəkir. Bu monoton sorğu prosesi deyil. Hər cavaba bir vizual nəzər var. “Biz niyə bərk qaçırıq? Çünki rəqs edirik”, deyir bir qaynar təbiətli yamaykalı. Başqa bir gənc bunu xarakterlə izah edir: «Yamaykalının xarakteri var. O, məğlub olub geri çəkilməyi özünə sığışdırmır».
   Kamera çəkməyə, sual verməyə davam edir: yamaykalı Olimpiya çempionunun bacısı danışır. Onun «Yamaykalılar niyə bərk qaçır» sualına cavabı əynindəki köynəyin üstünə yazılıb: «All natural» - yəni Yamaykada hər şey təbiətdəndir. Hər şey. Rəqs də. Qida da. Qızıl dişlər də. Musiqi də. İnsanlar da. Bəlkə məhz buna görə yamaykalılar bərk qaçırlar? Filmin müəllifləri heç bir ehtimalı buraxmırlar. Bəlkə onlar narkotikdən istifadə edirlər? Dəniz kənarında gözləri məst iki yamaykalı kişi cavab verir: “Qətiyyən! Biz dopinq-filan istifadə etmirik. Yamaykada belə şeylər yoxdur...”.
   Kamera suala cavab gəzir. Onlarla müxtəlif insandan, onlarla cavab alır. Tamaşaçı, nəhayət, yekun cavab alacağını gözləyir. Amma film bu sualla başladığı kimi bu sualla da bitir: Gənc idmançıdan hansı suala cavab axtardığını soruşurlar. O, bir anlıq susur və deyir: «Lənət şeytana, mən anlaya bilmirəm, nə üçün yamaykalılar bərk qaçır?»
   Film yüngüldür, temporitmi yüksəkdir, Bob Marlinin musiqilərinin xoş ahəngində tamaşaçını bir karnavala düşər kimi “gəzdirir”, ona pozitiv enerji verir və qətiyyən yormur. Qeyd edək ki, ekran əsəri 2010-cu ildə Yakutskda (Rusiya) keçirilən beynəlxalq idman filmləri festivalının qalibi olub.
   
   Aliyə