Qazax rayonunda Müdafiə Nazirliyi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun təşkilində müstəsna xidmətləri olmuş görkəmli hərbi xadimlər general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinski qardaşlarının anım mərasimi keçirilib.
Nəriman Nərimanov adına istirahət parkında keçirilən anım mərasimini rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açıb.
Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani hərbçi Şıxlinski qardaşları haqqında ətraflı məlumat verib. Onların general-leytenant Əliağa Şıxlinskinin qardaşı Məmmədağa Şıxlinskinin oğulları olduqlarını nəzərə çatdırıb.
Vurğulanıb ki, qardaşlar bir müddət çar ordusunda xidmət etmiş, I Dünya müharibəsi illərində Tatar alayının tərkibində vuruşublar. Şıxlinski qardaşlarının 1918-ci ildə yenicə yaradılan Milli Ordunun təşkilində müstəsna xidmətləri olub. Onlar Qarabağda, Zəngəzurda qəhrəmanlıq nümunələri göstəriblər.
Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra Şıxlinski qardaşları yenə də silahlarını yerə qoymayıb, 1920-ci il mayın sonlarında baş vermiş Gəncə üsyanının təşkilində iştirak ediblər. Üsyan yatırıldıqdan sonra Rüstəm bəy Nargin adasında güllələnmiş, qardaşı Cavad bəy isə yaralı vəziyyətdə döyüş meydanından çıxarılaraq əvvəl Qazaxa, oradan Gürcüstana, sonra isə Türkiyə və İrana aparılıb. Sonrakı həyatı mühacirətdə keçən Cavad bəy İranda da hərbçi kimi xidmətini davam etdirib, 1959-cu ildə Tehranda vəfat edib.
Çıxışlardan sonra Cavad bəy və Rüstəm bəy Şıxlinski qardaşlarının vaxtilə yaşadıqları evə baxış olub və Azərbaycan Ordusunun 100 illik yubileyi ərəfəsində həmin evə xatirə lövhəsinin vurulması qərara alınıb.