Britaniyalı ekspert Bakıda inklüziv 
   kinoteatrlarla bağlı treninq keçir
   
   Mayın 24-də "YARAT" Müasir İncəsənət Mərkəzində Azərbaycanın mədəniyyət liderləri üçün ikigünlük təlim başlanıb.
   Tədbir "British Council Azərbaycan", Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Nizami Kino Mərkəzi və "YARAT" Müasir İncəsənət Mərkəzinin birgə layihəsi ilə reallaşıb.
   "British Council Azərbaycan"ın direktoru Elizabet Uayt eşitmə məhdudiyyətli icmalar arasında həyata keçirdikləri layihələrdən danışıb. Bildirib ki, sosial inteqrasiyaya, mədəniyyət və incəsənət sektorunda inklüziv mühitin qurulmasına və alternativ gəlir mənbələrinin yaradılmasına xüsusi diqqət yetirildiyi bugünkü dövrdə fiziki cəhətdən məhdud imkanlı insanların kinematoqrafiya sahəsinə cəlb edilməsi çox vacibdir. 
   Təlim "British Council"ın "Bərabərlik, müxtəliflik və inklüzivlik" siyasətinə və Nizami Kino Mərkəzinin "Hər kəs üçün kino" strategiyasına uyğun olaraq mədəniyyət mərkəzlərində əlilliyi olan şəxslər üçün inklüziv mühitin yaradılması məqsədilə təşkil olunub.
   Treninqi aparan britaniyalı ekspert Cemma Bakli kinoteatrların eşitmə məhdudiyyətli insanlardan ibarət auditoriya üçün daha əlçatan olması yolları haqqında danışıb.