Mayın 24-də Beynəlxalq Muğam Mərkəzində "Dastan gecələri" layihəsi çərçivəsində "Leyli və Məcnun" dastanı təqdim olunub.
Tədbir Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.
Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək aşıq sənətinin təbliği baxımından layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, aşıq sənəti Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik özünəməxsus hadisəsidir. Bu sənət müxtəlif mərhələlərdən keçib, xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirib. Həyata keçirilən layihə də Azərbaycan aşıq sənətinin zənginliyini göstərməyə xidmət edir. Layihə çərçivəsində ilin sonunadək ümumilikdə 8 dastan təqdim olunacaq.
Daha sonra Azərbaycan Aşıqlar Birliyinin üzvü aşıq Cahangir Quliyevin ifasında "Leyli və Məcnun" dastanı söylənilib. İki gəncin sevgisindən bəhs edən dastan tamaşaçılar tərəfindən maraqla qarşılanıb.