Xaçmaz şəhərindəki Fəvvarələr meydanında rayon MKS-nin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr edilmiş kitab bayramı keçirilib. Tədbirdə rayon rəhbərliyi, idarə və təşkilatların nümayəndələri iştirak edib. 
   Kitab bayramında müxtəlif başlıqlarda sərgilər nümayiş etdirilib. 
   Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin təqdim etdiyi konsert proqramı tədbirə əlavə rəng qatıb.
   ***
   Bərdə şəhər Səməd Vurğun adına Mərkəzi kitabxanasında "İnsan hüquqları aylığı" çərçivəsində dəyirmi masa təşkil edilib. 
   Oxuculara xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova bildirib ki, hər il mayın 18-dən iyunun 18-dək ölkəmizdə "İnsan hüquqları aylığı" keçirilir. 2 nömrəli şəhər kitabxana filialının müdiri Xədicə Məmmədova və başqaları mövzu ilə bağlı çıxış ediblər. Sonda "Biz hüquqlarımızı bilirikmi?" adlı sərgiyə baxış olub.
   ***
   Qazax rayon MKS-nin təşkilatçılığı ilə Yuxarı Salahlı kənd 1 və 2 saylı kitabxana filialları "Açıq kitabxana" layihəsi çərçivəsində sərgi təşkil edib. Sərgidə tariximizə və vətənpərvərliyə dair kitablar nümayiş olunub. Oxuculara açıq havada kitabları oxumaq və kitabxanaya üzv yazılaraq nəşrləri əldə etmək imkanı yaradılıb. 
   1 saylı kitabxana filialının müdiri Tamam Cəfərova müasir dövrdə gənclərin mütaliəyə marağının təşviq edilməsinə və oxucu sayının artmasına zəmin olan belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini qeyd edib.