Oktyabrın 28-i dünyada Beynəlxalq Animasiya Günü (International Animation Day) kimi qeyd edilir. 2002-ci ildə Beynəlxalq Animasiya Kinosu Assosiasiyası tərəfindən təsis olunan bu günün 120 illik tarixi var. 1892-ci ilin 28 oktyabrında fransalı rəssam Emil Reno ekranda ilk animasiya lentini nümayiş etdirib. Bununla da Fransadan başlayan canlı lent əfsanəsi bütün dünyaya səs salıb.
Bu gün Hollivud kinosunun dünyaya meydan oxuduğu bir dövrdə animasiya sənətinin də inkişafı göz qabağındadır. Kinoteatrlarda, televiziya kanallarında nümayiş olunan filmlər, mağazalardakı animasiya filmi diskləri bu inkişafdan xəbər verir. “Tom və Cerri”, “Şrek”, “Buz dövrü”, “Madaqaskar”, “Nemonun axtarışında” və s. adları çoxlarına bəlli olan animasiya filmləri də Hollivudun bizə töhfəsidir. Animasiya sənəti bu gün elə bir dövrünü yaşayır ki, ona nəinki uşaqlar, böyüklər də həvəslə baxırlar. Böyük şirkətlər sərmayə qoyur, prodüserlər təkliflə çıxış edir və nəhayət maraqlı kinematoqrafiya məhsulu hasil olunur. Baxmayaraq ki, Hollivud maraqlı animasiya məhsulu ilə bizi tez-tez sevindirir, lakin milli cizgi filmlərimizin yaddaşımızda öz yeri var. Vaxtilə “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Meşəyə insan gəlir”, “Cırtdanın yeni sərgüzəşti”, “Uçan zürafə”, “Sehrli küp” və s. cizgi filmlərimiz böyük maraqla baxılırdı. Amma son illər belə filmlərimiz az-az ekrana çıxır.
“Azərbaycanda bu gün animasiya sənəti necə inkişaf edir, hansı yeni ekran əsərləri çəkilir” - bu suala respublikamızda cizgi filmləri istehsal edən “Azanfilm” studiyasının direktoru Fariz Əhmədov cavab verdi: “Bu gün studiyanın ən böyük problemi kadr çatışmazlığıdır. Adları hər kəsə bəlli olan, barmaqla sayılası mütəxəssisləri çıxmaqla Azərbaycanda animator yoxdur. Ona görə də əsas problemi aradan qaldırmaq üçün həm burada kursların açılması nəzərdə tutulub, həm də xarici ölkələrə təhsil üçün kadrların göndərilməsi. Bu layihəni Mədəniyyət və Turizm Nazirliyi də dəstəkləyir. Filmlərə gəldikdə, ilk tələb olunan məsələ keyfiyyətdir. Keyfiyyəti saxlamaqla kəmiyyəti artırmaq da vacib məqamdır. Uşaqları cəlb edə biləcək cizgi və animasiya filmlərinin istehsalına üstünlük verəcəyik. Artıq gələn ilin planı hazırlanır”.
Fariz Əhmədov bildirdi ki, bu günlərdə “Balaca ev” adlı animasiya filmi təhvil verilib. 10 dəqiqəlik cizgi filminin ssenari müəllifi Lalə Rüstəmova, quruluşçu rejissoru Aleksandra Şirinova, quruluşçu rəssamı Elçin Hami Axundovdur.
Azərbaycanda 1969-cu ildən bu günə qədər 92, son 10 ildə isə təxminən 20-yə yaxın cizgi və animasiya filmi istehsal edilib. Filmlərin nümayişinə gəlincə, F.Əhmədov bildirdi ki, kinoteatra ən azı 1 saatlıq film verilməlidir. Bizim filmlərin böyük əksəriyyəti 10 dəqiqəlikdir. Səbəb isə animasiyanın böyük vaxt və zəhmət tələb etməsidir. Ona görə də tammetrajlı animasiya filminin istehsalı nəzərdə tutulub və onun prokatı təşkil olunacaq: “Kinoteatrlarda animasiya filmlərinə böyük maraq var. Biz də öz filmlərimizlə bazarı əlimizə ala bilərik”.
F.Əhmədovun sözlərinə görə, gələcəkdə bu günə qədər istehsal olunan cizgi və animasiya məhsullarımızın disk şəklində satışını təşkil etmək layihəsi də var. Hazırda bu istiqamətdə iş gedir.
Reyhan İsayeva