Qarabağ atları latviyalı rəssamın tablolarında
Mayın 30-da Muzey Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Latviyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə latviyalı rəssam Datse Ştrausanın "Canlı miras" adlı fərdi sərgisi açılacaq.
Sərgi Azərbaycan Xalq Cümhuriyyətinin və Latviya Respublikasının 100 illik yubileylərinə həsr olunub. Sərginin mövzusu isə latış rəssam Datse Ştrausanın tablolarında təqdim olunan Azərbaycanın Qarabağ cins atlarına həsr edilib.
Datse Ştrausa ixtisasca zoomühəndisdir. Əsərlərində müxtəlif rəng və cinslərdən olan atların təsvirini nəinki dəqiqliklə verir, onun yaratdığı obrazlar bu güclü heyvanların yaşadığı zəngin hisləri də özündə əks etdirir.
Latviyalı rəssam iki ildir ki, Azərbaycanda yaşayır. Buraya gələn kimi də yerli atçılarla əlaqə yaratmağa başlayıb və xüsusilə Qarabağ cins atlarına maraq göstərir.
Qarabağ atları azərbaycanlıların milli fəxarət ünvanlarındandır. Təsadüfi deyil ki, 2013-cü ildə məhz Qarabağ atlarının iştirakı ilə oynanılan ənənəvi milli çövkən oyunu UNESCO-nun siyahısına daxil edilib.
"Canlı miras" sərgisində Qarabağ atlarının obrazları təsvir olunmuş 29 əsər nümayiş olunacaq.