İstanbuldakı Dəniz Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar Türkiyədə yaşayan rəssam soydaşlarımızın əsərlərindən ibarət sərgi keçirilib. Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşkilatçılığı ilə açılan sərgi mayın 27-dək davam edib.
Sərginin açılışında baş konsul Məsim Hacıyev, İstanbul valisinin müavini İsmail Gültekin, digər rəsmi şəxslər, İstanbulda yaşayan, işləyən və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Sərgidə ümummilli lider Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının, eləcə də Qafqaz İslam Ordusunun komandanlarının portretləri nümayiş olunub.
Rəsmi qonaqlara Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "İyirmi lirə" xatirə gümüş pul sikkəsi hədiyyə edilib.