Mayın 27-də Türkiyənin paytaxtı Ankarada Azərbaycanın Respublika Günü və Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr edilmiş konsert proqramı keçirildi. Əsası Məhəmməd Əmin Rəsulzadə tərəfindən qoyulan Azərbaycan Kültür Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Türkiyənin dövlət adamları və mədəniyyət xadimləri, Azərbaycan diasporunun nümayəndələri, ziyalılar, media nümayəndələri iştirak edirdi. 
   Mərasimdə çıxış edən Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu iki qardaş ölkənin bütün sahələrdə yüksək səviyyəli tərəfdaşlıq əlaqələrindən söz açdı. Bildirdi ki, Ankara və Bakının mədəni, ticarət və siyasi yüksəlişi ölkələrimizi bütün İslam və Türk dünyasının lokomotivinə çevirəcək.
   Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal isə may ayının həm Türkiyə, həm də Azərbaycan üçün əhəmiyyətli bir ay olduğunu vurğuladı. Bildirdi ki, 19 mayda Mustafa Kamal paşanın rəhbərliyi ilə Türkiyə Cümhuriyyətinin quruculuğu yolunda qurtuluş mücadiləsi başlanıb, 28 mayda isə Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi altında Milli Şura Azərbaycanın müstəqilliyini elan edib.
   Tədbirin bədii hissəsində Azərbaycan Kültür Dərnəyinin folklor ansamblı çıxış etdi. Konsertdə Abdulla Qurbaninin rəhbərlik etdiyi ansamblın müşayiəti ilə tanınmış azərbaycanlı sənətçilər Arzu Qurbani və Cavid Təbrizlinin ifaları dinlənildi, milli Azərbaycan rəqsləri nümayiş olundu. Konsert proqramı izləyicilərin sürəkli alqışları ilə qarşılandı.
   
   Mehparə Sultanova
   Ankara