Görkəmli fransız yazıçısı Viktor Hüqonun (1802-1885) "Bir edam məhkumunun son günü" romanını müəllifin "Səfillər" əsərinin uvertürası da hesab etmək olar. Əsərin mühüm özəlliklərindən biri də daxili monoloq şəklində ilk roman olmasıdır. Yazıçı bu əsəri iyirmi altı yaşında qələmə alıb. İllər öncə oxuduğum və ilk dəfə yediyim fərqli bir yemək kimi "dadı damağımda" qalan, təsiri, günbəgün dəyişən, bu dinamik həyatın içərisində bir-birinə qarışmış hislərimin gözdənuzaq küncündə mürgüyə dalan əsəri bu yaxınlarda Qazax Dövlət Dram Teatrı yenidən yadıma saldı...
   Əsərin səhnədə necə alınacağı mənim üçün çox maraqlı idi. Həm də bir əyalət teatrı belə bir çətin, məsuliyyətli işi öz üzərinə götürmüşdü. 
   Tamaşa başlar-başlamaz məni özünə cəlb edən ilk detal səhnə tərtibatı, dekorasiya oldu. Tamam qaranlığa qərq olmuş səhnədə işıq balaca bir hücrəni aydınladırdı. Üç tərəfdən barmaqlıqla bağlı olan hücrədə kiçik bir dəmir çarpayı, bir də balaca masa var. Üzünü tük basmış, səfil və yazıq görünüşlü məhbus (Mehman Piriyev) hücrənin içərisində var-gəl edir. Bu gənc adamın üst-başından və hərəkətlərindən dəhşətli çarəsizlik tökülür. Onun bu çarəsizliyini fonda eşitdiyimiz dialoq daha da şiddətləndirir.
   Ölümü hər bir canlı gec, ya tez mütləq dadacaq. Amma insan ölümün nə vaxt, hansı şəraitdə onu yaxalayacağından xəbərsizdir. Bir də ölümünü gününə, saatına qədər dəqiq bilən insanlar var. Qəhrəmanımız edam məhkumu kimi. O, düz altı həftədən sonra öləcəyini bilir. Hər insan kimi o da ölümdən qorxur. Müəllifin onu qəhrəman, cəsarətli, fərqli təqdim etmək, bu ölümə layiq olub-olmadığını aydınlaşdırmaq fikri yoxdur. Ona görə də yazıçı əsərində məhbusun cinayətini araşdırmır, onun nə üstündə edam olunacağını demir. Tamaşada isə rejissor buna bəzi eyhamlar vurur: işsiz, pulsuz, evində çörəyi belə qalmayan, qızı xəstə olan gənc adam çörək və dərman pulu tapmaq üçün soymaq istədiyi adamı təsadüfən öldürür. Beləcə, edam cəzasına, xüsusən gilyotinlə baş kəsilməsinin geniş yayıldığı ölkədə xalqın böyük həvəs göstərdiyi növdən ölümə məhkum edilir. 
   Tez-tez bunu xatırlayan məhbus heç cür özünün edam olunması barədə qərarı anlaya bilmir. Axı o nə etmişdi? Təsadüfən adam öldürmüşdü. Ac qalmamaq, kiçik qızına dərman pulunu tapmaq üçün. Axı onun pis bir niyyəti yox idi. Dövlət ona şərait yaratsa, o da işləsə, pul qazansa, soyğunçuluq etmək istərdimi?! Bəs niyə hakim dairələr, məhkəmə icraçıları ona qarşı bu qədər qəddar idilər? Lap tutaq ki, günahı vardı. Kimisə qəsdən öldürmüşdü. Ondan qabaq o hücrədə yatan, atasını, qardaşını, dostunu öldürən və gilyotinlə başı kəsilən cinayətkarlar kimi. Axı onları belə bu cür qəddarcasına cəzalandırmağa kimsənin haqqı yoxdur. Ümumiyyətlə, həyatda heç bir günahın, cinayətin qarşılığı öz ölümünü gözləmək olmamalıdır. Elə götürək edam məhkumunun öldürdüyü adamı. O adam səhər evindən çıxarkən çox rahat və sakit idi. Çünki öləcəyini bilmirdi. Onu bilmədən öldürən adam isə bu gün bir həbsxana küncünə qısılıb öləcəyi günü, hətta saatları sayır. Məhbusun bununla bağlı hisləri çox səmimi və təsirlidir: "İnsanın ölüm gününü, saatını bilməsindən iyrənc heç nə yoxdur. Qatil də olsa, bu əzaba məhkum olmamalıdır. Mən öldürdüyüm adama əzab verməmişdim".
   Halbuki bir az öncə onun özünə təsəlli verməyə, bu edamı qəbul edə bilmək üçün səbəblər uydurmağa çalışdığını görmüşdük: "Edam məhkumu! Bəs niyə olmasın? İnsanlar, buna hansı kitabda rastlaşdığımı bilmirəm, ancaq, yalnızca gözəl şeylərdən bəhs edən bir kitabda, bütün insanlar, günü məchul bir edama məhkumdurlar deyə oxuduğumu xatırlayıram. Bəs, o zaman mənim vəziyyətimdə dəyişən nə idi axı?" Bu sualın cavabını sonradan özü bir neçə dəfə verir...
   Bütün tamaşa boyu biz də edam məhkumuyla birgə addım-addım ölümə yaxınlaşırıq. Hər addımda onun hislərinin, duyğularının, qorxularının, çarəsizliyinin ən yaxın şahidinə çevrilirik, düşüncələrindəki dəyişikliyi görürük. Məsələn, tamaşanın əvvəlində ömürlük avar çəkmək cəzasından kəskin şəkildə imtina edən və edamı üstün tutan məhbus bir müddətdən sonra bu qərarından şübhəyə düşür, peşman olur və "ömrüm boyunca avar çəkməyə razıyam, yetər ki, nəfəs alım" deyir. Artıq elə bir məqama çatır ki, kənardan bircə ümid, bircə təsəlli umacaq vəziyyətə düşür. Gözətçidən (Hacı Hacıyev) onun yanına gətirilən öncədən avar çəkməyə məhkum edilmiş başqa bir "gilyotin məhkumu"ndan (Aydın Orucov) ölümün ondan daha yaxşı olduğunu və qərarında yanıldığını eşitmək istəyir. Bu anlarda qəhrəman gözümüzdə daha da kiçilir, acizləşir. Günahı nə olur olsun, halına acımamaq mümkün deyil.
   Daxili monoloqlar sayəsində bir növ monotamaşanı xatırladan səhnə işində aktyor Mehman Piriyevin fərqli və təsirli rolunu gözardı etmək olmaz. Onun qəhrəmanının daxili aləminə, keçirdiyi qeyri-adi hislərə, psixoloji durumuna və düşdüyü situasiyalara uyğun çıxışı tamaşaçıda hadisənin təbiiliyinə şübhə yeri qoymur.
   Edama məhkum edilmiş adam son günlərində yalnız anası, həyat yoldaşı və üçyaşlı körpə qızı haqqında düşünür, bəzən hətta özünü unudaraq, onların halına acıyır. Xüsusən körpə qızının taleyi onu çox narahat edir. Bu zamanlarda o, ölümə məhkum insan yox, qızını onsuz qoyub getməyə məcbur qalan ata olur. 
   Bu mənada o məhkumda hər birimizdən az da olsa nələrsə var...
   Tamaşanın yaddaqalan səhnələrindən biri ölümünə 5-6 saat qalan qəhrəmanımızın bir başqa edam məhkumu ilə olan söhbətidir. Həmin adamın (Aydın Orucov) da altı həftəlik ömrü qalıb və söhbət əsnasında "taledaşı" ilə dostlaşırlar. Lakin cəmi 3-4 saatlıq. Bu səhnədə bir azca ümid, bir "çimdik" inam, bir əlçim xəyal var. Yenə də haqqında danışdığımız psixoloji durum: insan ölümü özünə yaraşdırmır.
   Məhkəmədən gələn səlahiyyətli şəxslə (Yusif Qoca) söhbətdə isə məhkum hələ də bütün bunların bitəcəyinə, məhkəmənin, kralın, ya da elə xalqın onu xilas edəcəyinə inanır. Axı o, onların heç birinə pislik etməyib. Çox güman ki, onun haqsız edamı hər kəsi narahat edirdi - məhkum belə düşünür... Həqiqəti isə həmin o səlahiyyətli şəxs deyir: "Sənin gilyotinlə başının kəsilməsi adi xəbərdir. Həftədə 2-3 belə edam olur. Adamlar əvvəlki kimi zövq ala bilmirlər". Bu cümlələrlə müəllif həmin dövrün yalnız qanunlarının deyil, bütün cəmiyyətin humanist duyğulardan uzaqlaşdığını göstərir.
   Səhnə əsərinin ən təsirli məqamı, fikrimcə, atanın günlərdir adını sayıqladığı qızı ilə görüşüdür. Son saatlarında qızını (Əminə Musayeva) görən, dəmir barmaqlıqlar arxasından onun kiçik əllərini, üzünü duz kimi yalayan, öpüşlərə qərq edən, qoxusunu son dəfə hərisliklə ciyərlərinə çəkən ata edam qərarından ən ağır zərbəni məhz o anda alır. Ona dərman ala bilmək üçün adam öldürməyə məcbur qalan və nəticədə altı həftədir ölümünü gözləyən, gilyotinin ağzındakı atasını balaca qızcığaz tanımır. Ondan atasını soruşanda "atam ölüb" deyir. Bundan sonra bütün ümidləri sönən, xəyalları yıxılan, arzuları puç olan adam ölümə daha asanlıqla gedir.
   Son səhnə isə böyük ustalıqla yaradılıb. Romanda hadisələr məhkumun dilindən danışıldığından biz sonda onun edamı haqda bir şey bilmirik. Yəni, hadisə o, edama aparılan yerdə bitir. Tamaşada isə rejissor bütün hadisələri sona qədər canlandırır. Gilyotinin ağzına gətirilən məhkumun bədənini bir yarpaq kimi əsdirən qorxusu, ölüm əzabı bütünlüklə gözümüzün önündədir. Həyat eşqi, ya da ölüm qorxusu onu son anına, son saniyəsinə qədər etiraz etməyə, qərarın dəyişiləcəyinə ümid etməyə məcbur qoyur... 
   Rejissor Allahverdi Musayevin hazırladığı səhnə əsərinin əsas obrazını Mehman Dilqəmoğlu (Piriyev) canlandırırdı. Digər rolları aktyorlar Hacı Hacıyev, İlqar Hacəliyev, Yusif Qoca, Arif Almədədov, Aydın Orucov, Nəsimi Aşbazov, Əminə Musayeva ifa edirdilər. Tamaşanın quruluşçu rəssamı Səyyat Məmmədovdur. Əsəri dilimizə gənc şair Hikmət Orhun çevirib. 
   
   Şahanə Müşfiq