Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayonu Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli teatr rejissoru, tanınmış aktyor, teatrşünas alim və pedaqoq, SSRİ Xalq artisti Mehdi Məmmədovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.
İdarədən bildirilib ki, tədbirdə Xalq artisti, teatr rejissoru, professor Ağakişi Kazımov, Xalq artisti Hacı İsmayılov, Əməkdar incəsənət xadimi, teatrşünas Aydın Talıbzadə və başqaları çıxış edərək görkəmli sənətkarın quruluş verdiyi tamaşalardan, teatrda canlandırdığı obrazlardan söhbət açıblar.
Bildirilib ki, nadir istedada malik rejissor kimi Mehdi Məmmədov milli teatr səhnəsində Azərbaycan və dünya dramaturji irsinin dərin məzmunlu və rəngarəng janrlı nümunələrinə verdiyi mükəmməl quruluşlarla ölkə teatrı tarixinə parlaq səhifələr yazıb.
Sonra Mehdi Məmmədovun hazırladığı "Canlı meyit" tamaşasından fraqment nümayiş olunub.
Xalq artisti Ramiz Məlik sənətkarın quruluş verdiyi Hüseyn Cavidin "İblis" pyesində oynadığı rol üzərində çalışmasından danışıb və həmin tamaşadan "Arifin monoloqunu" səsləndirib.
Sonda Mehdi Məmmədovun oğlu Vüqar Məmmədov atası ilə bağlı xatirələrini bölüşüb.