"Dünyaya yayılsın birlik harayım" deyən Xalq şairi Söhrab Tahirin (1926-2016) anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib.
Mayın 27-də tədbir iştirakçıları ikinci Fəxri xiyabana gələrək şairin məzarı önünə gül dəstələri qoyublar. Şair, tədqiqatçı Qardaşxan Əzizxanlı anım mərasimində bildirib ki, Söhrab Tahir yaradıcılığının leytmotivini bütöv Azərbaycan ideyasının tərənnümü təşkil edib. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri olaraq geniş fəaliyyət göstərən şair həyatını bu ideal uğrunda mübarizəyə həsr edib. O həm də ədəbiyyatşünas alim və ictimai xadim idi. Azərbaycan ədəbiyyatı tarixində təkcə görkəmli şair deyil, həm də maraqlı romanlar, hekayələr müəllifi kimi qalıb.
Azərbaycan Yazıçılar Birliyinin Cənub ədəbiyyatı şöbəsinin müdiri Sayman Aruz, Xəzər Universitetinin tələbələri - gənc filoloqlar Pinar Məmmədzadə, Aytac Həsənova, Səkinə Ələkbərli, Nəzrin İsmayılova şairin xatirəsinə ehtiramlarını bildiriblər. Azərbaycan Milli Konservatoriyasının nəzdində Respublika İncəsənət Gimnaziyasının şagirdi Canəli Canəliyev, Nizami rayonu 12 nömrəli məktəbin şagirdi İbrahim Əhmədov şairin "Azərbaycanım" və "Vətən" adlı şeirlərini səsləndiriblər.
Şairin qızı Nəsibə Tahiri atasının ömrünün son aylarınadək yaşayıb-yaratmasından söz açaraq, şairin xatirəsini yad etdikləri üçün mərasim iştirakçılarına təşəkkürünü bildirib.